Dik Advokat: Yunanıstanla matçda 1 xala oynamaq böyük səhvdir
15.06.2012 - 13:36
Dik Advokat: Yunanıstanla matçda 1 xala oynamaq  böyük səhvdir
“Yunanıstan millisi ilə qarşıdakı oyun son şansdır. Hərçənd elə bizim üçün də belə olduğundan, hər şey çox sadədir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının baş məşqçisi Dik Advokat deyib. Avropa çempionatında keçirdiyi ilk 2 oyundan sonra 4 xalı olan rusları qrupda son matçda Yunanıstan milli komandası ilə çətin sınaq gözləyir. Bu millinin də 1/4 finala çıxmaq şansı olduğundan, gərgin mübarizə olacaq.

Advokat rəqibi təşkilatlı ciddi komanda adlandırıb: “O, fərdi mübarizəni sevir və bu zaman yaxşı təsir bağışlayır. Biz yunanlardan bunu gözləyirik. Onunla yaxında üzləşdiyimizdən, ümumilikdə bir-birimizi pis tanımırıq. Son 2 oyununu izləmişəm və fikrimcə, bizi hansısa gözlənilməzlik gözləyir”.

Rusiyanı qrupdan çıxmaq üçün heç-heçə də qane etsə də, hollandiyalı mütəxəssis bu nəticəni yetərli saymır: “Meydana 1 xala ümid etməklə çıxmaq olmaz. Bu nəticəyə oynamaq böyük səhvdir. Yalnız qalib gəlmək haqda fikirləşmək lazımdır. Ancaq bu zaman əsas 1/4 finala çıxmaqdır”.