“İspaniya ilə bu vəziyyətimizdə oynamaq bizə asan olmayacaq”
20.06.2012 - 08:47
“İspaniya ilə bu vəziyyətimizdə oynamaq bizə asan olmayacaq”
“Biz çətin mübarizəyə hazır idik. Ancaq bu qədər ağır olacağını gözləmirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Fransa yığmasının baş məşqçisi Loran Blan deyib. Avropa çempionatının ¼ finalına çıxan fransızlar son turda gözlənilmədən autsayder İsveçə 0:2 hesabı ilə uduzmaqla, qrupda 2-ci yeri tutub.

Blanın sözlərinə görə, rəqibin bütün gücünü qoymağı həlledici rol oynayıb: “Onlar fiziki cəhətdən daha yaxşı hazır idilər. Üstəlik, İsveçin heyətində oyunun taleyini təkbaşına həll edə bilən futbolçu vardı. Qalib gəlməməyimiz üçün çoxlu amillər vardı. Düşünmürəm ki, hücumda problemimiz vardı. Əksinə, müdafiə və orta sahədə çətinliyimiz yaranırdı. Ümid edirdik ki, rəqib 2-ci hissədə tempi aşağı salacaq. Ancaq bu, baş vermədi. Əlbəttə, bizə rəqibə çox imkan verdik. Ancaq oyun 1:1, 2:1, hətta 2:2 hesabı ilə nəticələnə bilərdi”.

Fransalı mütəxəssis həmişə nikbinliyi qorumağı lazım bilir: “Biz başqa nəticəyə bel bağladığımızdan, məyusuq. Ancaq əsas odur ki, 1/4 finala çıxmışıq. İsveçlilər isə yaxşı oynasalar d, evə gedirlər. İspaniya ilə bu vəziyyətimizdə 1/4 finalda oynamaq asan olmayacaq, gərək istirahət edək və yaxşı futbol göstərək. Diqqətimizi toplayıb, rəqibə gücümüzü göstərmək lazımdır. Sabah nikbin olacağıq. Ümid edirəm ki, şənbə günü daha yüksək səviyyəli oyun göstərəcəyik”.