Slavyanlar dayandı, Qomes tək qaldı
20.06.2012 - 10:04
Slavyanlar dayandı, Qomes tək qaldı
AVRO-2012-nin final mərhələsində qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, başa çatan III tur yarışın bombardirləri siyahısında ciddi dəyişikliyə səbəb olmayıb.

Belə ki, ilk 2 turda hamıdan çox 3 qol vuran hücumçuların heç biri hesabını arıra bilməyib. Onların izləyiciləri arasında da 3-ə çatan tapılmayıb. Bu isə o deməkdir ki, Mario Mandjukiç (Xorvatiya), Alan Dzaqoyev (Rusiya) və Mario Qomes (Almaniya) üçlüyü zirvədəki mövqeyini qoruyub. Lakin bu 3 bombardirdən yalnız Qomes üçün çempionat davam edir. Onun slavyan şərikləri isə 1/4 finaldan kənar qalıb. Bu isə o deməkdir ki, Qomesin vahid lider olması üçün yol açılıb.

Əvəzində 2 qol vuranların sayı artıb. Artıq 9 futbolçunun hesabında bombardirlərdən cəmi 1 top azdır. Lakin onlardan 4-ü – Andrey Şevçenko (Ukrayna), Niklas Bendtner, Mixael Kron-Deli (hər ikisi Danimarka), Zlatan İbrahimoviç (İsveç) qol sayını artıra bilməyəcək. Çünki onların oynadığı yığmalar mübarizəni qrup mərhələsində dayandırıb.

Qomesə çatmaq imkanı olan 5 qolçu isə artıq 1/4 finalda 3-cü qoluna imza ata bilər. Bunlar ispaniyalılar Fernando Torres və Sesk fabreqas, çexiyalılar Petr Yiraçek və Vatslav Pilar, portuqaliyalı Kriştianu Ronaldodur.

Qeyd edək ki, qrup mərhələsinin 24 oyununda 61 qol vurulub. Yeganə avtoqolu nəzərə almasaq digər 60 topa 45 futbolçu imza atıb. AVRO-2012-də orta məhsuldarlıq isə 2,54 topdur.