İlk yarımfinalçı - Portuqaliya
22.06.2012 - 00:36
İlk yarımfinalçı - Portuqaliya
AVRO-2012-nin 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçı Çexiya və Portuqaliya arasında oyunda müəyyənləşib.

Bu matçadək A qrupunun qalibi olan çexiyalılar da, B qrupunda 2-ci olan portuqaliyalılar da Polşa və Ukraynadakı yarışda eyni tale yaşamışdı. İlk oyunlarında məğlub olan rəqiblər növbəti 2 turda qələbələri sıralamışdı. Nəticədə hər 2 komanda 1/4 finala 6 xalla yüksəlmişdi.

Bu matç Çexiya və Portuqaliya arasında 3-cü duel oldu. Əvvəlki hər 2 görüş də Avropa çempionatlarının final mərhələlərinə təsadüf etmişdi. 1996-cı ildə 1/4 finalda sevinən slavyanlar olmuşdu. Həmin vaxt onlar 1:0 hesabı ilə qalib gəlmişdi. 2008-ci ildə isə rəqiblərin yolu qrup mərhələsində kəsişib. Bu dəfə pireneylilər üstün olub – 3:1.

Portuqaliya millisi bu dəfə də qalib gəlib yarımfinala yüksəldi. 16 il əvvəlki 1/4 final məğlubiyyətinin əvəzini elə eyni – 1:0 hesabı ilə çıxan Paulu Bentunun yetirmələri Kriştianu Ronaldonun qolu sayəsində buna nail oldu. Ardıcıl 2 oyundur komandasının qollarını vuran hücumçu fasilədən sonra fərqlənməkdən başqa daha 2 dəfə dirəyi nişan aldı.


AVRO-2012

Final mərhələsi
1/4 final


ÇEXİYA – PORTUQALİYA - 0:1
QOL: Ronaldo, 79
Baş hakim: Hovard Uebb (İngiltərə).
Varşava. Milli stadion
ÇEXİYA: Çex, Selassie, Kadleç, Sivok, Limberski, Plasil, Hübsşman, Pilar, Jiraçek, Darida, Baroş
PORTUQALİYA: Patrisio, Pereyra, Alveş, Pepe, Koentrao, Veloso, Moutinyo, Meyreleş, Nani, Ronaldo, Poştiqa