“Onları qucaqlamaq, həyat yoldaşımı öpmək istəyirəm” – MÜSAHİBƏ
20.06.2012 - 16:29
“Onları qucaqlamaq, həyat yoldaşımı öpmək istəyirəm” – MÜSAHİBƏ
Ukrayna milli komandasının kapitanı Andrey Şevçenko vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu ev sahibi olduqları AVRO-2012-də qrupda qaldıqları İngiltərə yığmasına 0:1 hesabı ilə uduzduqları oyunun onun milli karyerasında sonuncu olduğunu təsdiqləyib. Şevçenko ilk olaraq keçirdiyin hissləri bölüşüb.

- İndi mən çox məyusam...Emosiyalarım o qədər güclüdür ki, son vaxtlar ağrıyan ayağım haqda indi düşünmürəm.

- Bu, yığmada sonuncu oyununuz idi?
- Bəli, milli komandanın heyətində son rəsmi oyunum idi. Mən daha bir yoldaşlıq görüşü – vida oyunu keçirəcəyəm.

- Bu Avropa çempionatı Ukrayna üçün sizin istədiyiniz kimi alınmadı?
- Əlbəttə. Yəqin ki, bütün Ukrayna bizdən çox şey gözləyirdi. Qrupdan çıxmaq istəyirdik. Bunun üçün real şansımız vardı. Ancaq bu, futboldur. Fikrimcə, bizim bir az bəxtimiz gətirmədi. Elə hakimlər də son oyunda təmiz qolumuzu saymadılar. Yalnız gənc futbolçularımıza görə şadam. Onlar belə ciddi matçda özlərini yaxşı göstərdilər və sadəcə, əla oynadılar. Komandadan gələcəyi olduğunu başa düşərək, getmək xoşdur.

- Sizin üçün ilk Avropa çempionatı nə ilə yadda qaldı?
- Mən şadam ki, hər halda, karyeramda Avropa çempionatı oldu. İlk matçımız olan İsveç yığmasına qalib gəldiyimiz oyun mənim üçün unudulmaz oldu. Bundan əlavə, evdə, doğma tribunalar qarşısında oynamaq, Kiyev, Donetskdəki stadionlarda güclü azarkeş dəstəyini, enerjini hiss etmək...Belə şeylər bütün həyatı boyu yadda qalır.

- İki il öncə dünya çempionatının final mərhələsinə düşmədiyimiz zamanı da siz üzülmüşdünüz?
- Yox. Onda məyus idim. Çünki biz daha yaxşı oynamalı idik. Bu gün futbolçular meydanda bütün güclərini qoydular, qüvvələrindən yüz faiz istifadə etdilər və onları heç bir şeyə görə qınaya bilmərik.

- Yaxın gələcək üçün planlarınız necədir?
- Evə getmək, uşaqlarımı qucaqlamaq, həyat yoldaşımı öpmək və bir az istirahət etməyə yollanmaqdır.