Ronaldonun şərik çıxdığı mübarizə
22.06.2012 - 11:20
Ronaldonun şərik çıxdığı mübarizə
AVRO-2012-nin final mərhələsinin bombardirləri siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, ardıcıl 2 qarşılaşmadır meydanı qolsuz tərk etməyən Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo bombardirlər mübarizəsində yarışın ən məhsuldar oyunçularına çatıb.

Çexiya yığmasının qapısına qol vuran pireneyli hücumçu qol hesabını 3-ə çatdırıb. Bununla da o, almaniyalı Mario Qomeslə bərabərləşib. Düzdür, bu 2 bombardir kimi xorvatiyalı Mario Mandjukiç və rusiyalı Alan Dzaqoyev də 3 qol vurub. Lakin onların komandaları qrupda qaldığından qol hesablarını artıra bilməyəcək.

2 qol vuranların sayı isə 8-dir. Lakin onlardan 6-sı hesabını artıra bilməyəcək. Andrey Şevçenko (Ukrayna), Niklas Bendtner, Mixael Kron-Deli (hər ikisi Danimarka), Zlatan İbrahimoviç (İsveç) qrup mərhələsində, çexiyalılar Petr Yiraçek və Vatslav Pilar 1/4 finaldan sonra bu imkanı itiriblər. Liderlərə ispaniyalılar Fernando Torres və Sesk Fabreqas da çata bilər. Bunun üçün onlara 1 qol kifayətdir.