Portuqaliya yığmasının 4-cü mükafatı
22.06.2012 - 13:19
Portuqaliya yığmasının 4-cü mükafatı
Portuqaliya milli komandası AVRO-2012-nin 1/4 final mərhələsində Çexiyanı 1:0 hesabı ilə məğlub etməklə çempionatın mükafatını təmin edib. Apasport.az saytının məlumatıan görə, ən azı bürünc mükafatçı olacağı rəsmiləşən pireneylilər tarixində 4-cü dəfə qitə çempionatında medalçılar sırasına düşür.

Bu çempionatadək Portuqaliya yığması yalnız 3 dəfə AVRO-dan mükafatla qayıtmışdı. 1984-cü ildə yarımfinalda gələcək çempion Fransaya məğlubiyyət (2:3) onlara bürünc qazandırmışdı. Növbəti uğurunu 16 il gözləyən yarımada təmsilçisi yenə yarımfinalda Fransaya uduzdu – 1:2. Bu dəfə də portuqaliyalıları gələcək çempion dayandırdı. Hər 2 halda fransalılar əlavə vaxtda əfsanələrin qolları hesabına sevinib: əvvəl Mişel Platini, sonra Zinəddin Zidanın qolu ilə.

2004-cü ildə isə çempionata meydan sahibliyi edən komanda yarımfinalı da adlaya bilib. Lakin finalda sensasiyalı çempion Yunanıstana uduzub – 0:1. Hesabında 1 gümüş və 2 bürünc olan Portuqaliya hələ əyarı bilinməyən 4-cü mükafatını Polşa və Ukraynadan aparacaq.