Bülənt Korkmaz: O, “Qol kralı” olmağa əsas namizəd sayılır
22.06.2012 - 23:04
Bülənt Korkmaz: O, “Qol kralı” olmağa əsas namizəd sayılır
“Andreas İnyestaya böyük ümidlər bəslənilir. O, indi inanılmaz formadadır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın türkiyəli sabiq baş məşqçisi Bülənt Korkmaz deyib. “Topaz”ın dəvətlisi kimi ölkəmizdə qonaq olan “Qalatasaray”ın əfsanəvi kapitanı hazırda davam edən Avropa çempionatında İspaniya millisinin futbolçusu Andreas İnyestanın oyununu çox bəyəndiyini bildirib.

Korkmaz millinin və “Barselona”nın uğurlarında böyük əməyi olan 28 yaşlı yarımmüdafiəçi böyük rəğbət bəsləyir: “Mənə görə İnyesta hazırda turnirin ən yaxşı futbolçularından biridir. Andreas belə oynasa, yığması ondan çox faydalana bilər”.

AVRO-2012 ilə bağlı şərhlərini verən Korkmaz İspaniya yığmasının hücumçu sarıdan korluq çəkməyinə toxunub: “Bildiyiniz kimi, “Barselona” da mərkəz hücumçusuz oynayır. Mərkəz yarımmüdafiəçisi Sesk Fabreqas orada olduğu kimi, yığmada da hücumda yer aldı. Düzdür, sonrakı oyunlarda hücumçu Fernando Torresə start heyətində yer verildi, 2 qol vurdu. İspanlar belə oyun üslubuna alışıb. Ancaq belə baxdıqda, onlar yaratdıqları vəziyyətləri qola çevirir. Ümumiyyətlə, real qol imkanları az olur və bunu Xorvatiya ilə matçda gördük. Fikrimcə, İspaniyanın 1/4 finalda rəqibi olan Fransa yığmasının hücum gücü daha yaxşıdır. O da İspaniya kimi topla oyuna üstünlük verir. İspanlar belə oynayarsa, işi çətin olacaq. Çünki real qol vəziyyətləri yaratmaq çətinlik çəkir”.

44 yaşlı keçmiş müdafiəçi bombardirlər siyahısında lider olan Almaniya yığmasının hücumçusu Mario Qomesi turnirin ən sərrast futbolçusu olmağa ən real namizəd sayır: “Qomes qolçuluq bacarığı olan futbolçudur. Almaniya hər oyunda çoxlu qol imkanı yaradır və onların İspaniyadan fərqli belə problemi olmur. Çünki heyətində Məsut Özil kimi yüksək səviyyəli yaradıcı futbolçu var. Almaniyanın finala kimi irəliləmək şansı çoxdur və bu zaman Qomesin qollarının sayını artıracağı dəqiqdir. O, “Qol kralı” olmağa əsas namizəd sayılır”.