Visente del Boske: Ronaldo unikaldır, ikinci belə futbolçu yoxdur
26.06.2012 - 14:28
Visente del Boske: Ronaldo unikaldır, ikinci belə futbolçu yoxdur
“Vacib olan qələbə qazanmaqda davam etməyimizdir. Təəssüf ki, rəqiblə müqayisədə oyuna hazırlaşmağa 2 gün az vaxtımız olacaq. Bu, yetərli üstünlükdür”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya yığmasının baş məşqçisi Visente del Boske deyib. Avropa çempionatının ilk yarımfinal oyununda sabah Donetskdə Portuqaliya yığması ilə üzləşəcək ispanların təcrübəli çalışdırıcısı hazırlığa az vaxtlarının olmalarından gileylənib: “Mənim futbolçular isti havadan bir qədər yorğun görünürlər. Bu, Ukraynada olan iqlimlə bağlıdır. Portuqaliya isə 1/4 finalda bizdən 2 gün tez oynadığından, daha üstün vəziyyətdədir”.

Del Boske rəqibi dəyərləndirərkən, onun lideri olan kapitanı, bombardiri Kriştianu Ronaldoya xüsusi toxunub: “Portuqaliya millisinə arxa xətdə çox güclü futbolçular var. Onlardan 2-si hücumda fəal iştirak edir. Onlara topa çox davranmağa imkan vermək olmaz. Çünki əks-hücumlarda Ronaldoya sadəcə, uzun ötürmə verə bilərlər. Kriştianunun unikal futbolçu olmağı aşkardır. İkinci belə futbolçu yoxdur. İnanıram ki, yarımmüdafiəmiz düzgün oynasa, onu dayandıra bilər. Futbolçular mövqeələrini ağıllı seçib, rəqibin liderinə oynamağa imkan verməməlidir. Onlar sayıq olub, Ronaldonun komanda yoldaşlarına ona kömək imkanı verməməlidir. Portuqaliyalılara çoxlu boş sahə vermək olmaz”.