Yoahim Löv: Onunla oynamağı bir futbolçuya tapşırmaq axmaqlıq olardı
27.06.2012 - 15:51
Yoahim Löv: Onunla oynamağı bir futbolçuya tapşırmaq axmaqlıq olardı
“Almaniya və İtaliya yığmaları arasında əvvəlki oyunlar qarşıdakı yarımfinal matçı öncəsi heç bir əhəmiyyət daşımır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib. Təcrübəli çalışdırıcı 2006-cı ildə dünya çempionatında uduzduqları İtaliya yığması ilə sabah Avropa çempionatının yarımfinalında üzləşəcək.

Həmin vaxt baş məşqçi Yurgen Klinsmannın köməkçisi olan Löv əvəz çıxmaq düşünmür: “Futbolda qisas anlayışı yoxdur, bu, qeyri-mümkündür. Misal üçün 2006-cı ildə baş verənləri heç cür dəyişmək olmaz. Ondakı hadisələr artıq keçmişdə qalıb. Bəzi futbolçularımız onda da yığmada idi. Ancaq indi vəziyyət tam başqadır və keçmiş bizim üçün heç bir əhəmiyyət daşımır”.

Almaniyalı mütəxəssis rəqibin heyətində hələ 6 il öncə dünya çempionu olan yarımmüdafiəçi Andrea Pirlonun liderlik keyfiyyətlərini qeyd edib: “Demək lazımdır ki, o, təkcə İngiltərə yox, digər oyunlarda da parladı. Biz isə düşünürdük ki, Pirlo 2012-ci ildə bir az qocala bilər. Ancaq o, əla futbolçu, ağıllı strategiyalıdır. Andrea bir toxunuşla təhlükə yarada bilən insandır. Ona oynamağa imkan verməməyə çalışacağıq. Pirlo ilə fərdi oynamağı bir futbolçuya tapşırmaq axmaqlıq olardı. Axı o, bütün meydan boyu oynayır. Ancaq biz Andreanın oyun üslubunu bilirik və qarşısını almağa çalışacağıq”.