İradə Aşumova: “Demişəm ki, mənə heykəl qoymalısınız” - MÜSAHİBƏ
09.07.2012 - 18:05
İradə Aşumova: “Demişəm ki, mənə heykəl qoymalısınız” - MÜSAHİBƏ
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın ən yaşlı təmsilçisi İradə Aşumova olacaq. 54 yaşlı güllə atıcısı yığmamızın heyətində artıq 4-cü olimpiadada mübarizə aparacaq yeganə idmançıdır. O, 1996-cı il Atlanta və 2000-ci il Sidney olimpiadalarında mükafatçılar sırasına düşə bilməsə də, 2004-cü ildə Afinada olimpiya bürüncü qazana bilib.

Aşumova Lent.az-a müsahibəsində London olimpiadasındakı hədəfinə də aydınlıq gətirib:

- Hazırkı durumunuzu necə dəyərləndirirsiniz?
- Bilirsiniz, yaş özünü büruzə verir. Əlbəttə, bir qədər fiziki xarakterli çətinliklərim var. Bəlkə də psixoloji baxımdan təcrübəm böyükdür. Amma fiziki durumum aşağıdır.

- Qarşıdakı olimpiadada nəyə ümid edirsiniz?
- Mənə bu sualı ötən ildən çox adam verir. Cavabım bir kəlmə olub. Demişəm ki, 54 yaşımda olimpiadaya lisenziya qazanmışamsa, bunun özü böyük şeydir. Necə deyərlər, Allah-təala mənə imkan verib ki, ömrümün daha bir ilini idmançı kimi keçirim.

- Yığmamızdan nə gözləyirsiniz?
- Olimpiadada böyük tərkibdə təmsil olunacağıq. Hər dəfə komandamızın sıraları genişlənir. Bu səbəbdən, ümidim onadır ki, olimpiya yığmamız daha çox medal qazansın, qızıl medal çox olsun.

- Bəs özünüz?
- Əlbəttə, çalışacağam ki, nəticə göstərim. Amma 2004-cü il Afina Yay Olimpiya Oyunlarında göstərdiyim nəticəni təkrarlayacağıma inanmıram. Əgər o nəticəni göstərsəm, medalçılar sırasına düşəcəyimi 100 faiz əminliklə deyə bilərəm. Lakin mən indi 8 il öncəki nəticəni göstərməyə hazır deyiləm.

- Yəni, medala söz vermirsiniz?
- Xeyr. Qətiyyən! Mən Gənclər və İdman Nazirliyində olarkən demişəm ki, bu yaşda olimpiadaya lisenziya qazandığım üçün mənə heykəl qoymalısınız. Onlar da “Bilmirik, harda qoyaq” deyə məni dolayırlar. Cavabım isə bu olub: “Milli Olimpiya Komitəsinin həyətində heykəl qoyun, bəsimdir!”