Valentin Xristov: Olimpiadada medal uğrunda mübarizə aparmağa hazıram
16.07.2012 - 17:35
Valentin Xristov: Olimpiadada medal uğrunda mübarizə aparmağa hazıram
“Bilirəm ki, medal qazanacağam. Fiziki cəhətdən buna hazıram. Psixoloji durumum da qaydasındadır. Şəraitimiz çox yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Olimpiya millisinin ağır atleti Valentin Xristov (56 kq) deyib.

Milliləşdirilmiş legionerimiz London-2012-də hədəflərini açıqlayıb. 18 yaşlı idmançımız Ağır Atletika Federasiyasının saytına açıqlamasında bildirib ki, Olimpiya Oyunlarında medal qazanacağına inanır: “Bolqarıstanda olan şəraitlə Azərbaycanda bizim üçün yaradılan şərait arasında fərq çox böyükdür. Deyə bilərəm ki, bu atletlərin fiziki və psixoloji hazırlığına da çox müsbət təsir edir. Çünki idmançı üçün yarışlara hansı şəraitdə hazırlaşması çox vacibdir. Məşqlərimiz yüksək səviyyədə gedir. Ümidim medaladır. İnşallah, hər şey düşündüyümüz kimi olacaq. Çünki mən medal uğrunda mübarizə aparmağa hazıram. Parisdəki dünya çempionatına da bu inamla yola düşmüşdüm”.

Olimpiadada sifariş verəcəyi toplam start çəkisi 290 kq olacaq atletin əsas rəqibləri sırasında Le Qok Toan (Vyetnam), Arli Şontey (Qazaxıstan) və Vu Jinbao (Çin) yer alırlar.

Qeyd edək ki, Bolqarıstanın Şumen şəhərində anadan olan Xristov 2011-ci ildə Azərbaycan çempionu, dünya çempionatının bürünc medalçısı (Paris, Fransa), 2012-ci ildə Avropa çempionatının qalibi (Antalya, Türkiyə), gənclər arasında Avropa, yeniyetmələr arasında dünya rekordçusudur.