Aleksandrov və Mustafayeva 1/4 finalda! - YENİLƏNİB
28.07.2012 - 16:49
Aleksandrov və Mustafayeva 1/4 finalda! - YENİLƏNİB
Bu gün 2012-ci il London Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Olimpiya yığmasının heyətində yürüş xəttinə Aleksandr Aleksandrov və Nataliya Mustafayeva çıxıblar.

Aleksandrovun Olimpiadada debütü uğurlu alınıb. Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən 22 yaşlı avarçəkənimiz 1/4 finala vəsiqə qazanıb.

2000 metr məsafəyə seçmə yürüşdə onun rəqibləri Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olub. Aleksandrov startdaca təşəbbüsə yiyələnib. Bunun nəticəsidir ki, avarçəkənimiz 500 metrlik bölümü 1 dəqiqə 38,77 saniyə nəticə ilə 1-ci pillədə başa vurub. O, hətta 2008-ci il Pekin olimpiadasının və 2011-ci il dünya çempionatının finalçısı, 36 yaşlı isveçli avarçəkən Lassi Karoneni də geridə qoyub. Amma sonrakı bölümdə Karonen tempi artırıb. O, 1000 metrlik bölümü 3 dəqiqə 19,03 saniyəyə keçib və Aleksandrovu 0,20 saniyə geridə qoyub. Get-gedə aradakı məsafəni artıran isveçli avarçəkən 1500 metrlik bölümdə 5 dəqiqə 0,71 saniyə nəticə göstərib və təmsilçimiz ondan 4,62 saniyə arxada qalıb. Aleksandrova 1/4 finala çıxmaq üçün ilk “3-lüy”dəki yerini qoruması lazım idi. Bu səbəbdən, avarçəkənimiz son bölümdə mövqeyini qorumaq üçün mübarizə aparıb və buna nail olub.

Nəticədə Lassi Karonen 6 dəqiqə 45,42 saniyə nəticə ilə birinci, Aleksandr Aleksandrov 6 dəqiqə 49,81 saniyə göstərici ilə ikinci, finişə 6 dəqiqə 58,60 saniyəyə çatan monakolu Matias Raymon isə üçüncü yeri tutub. Hər üç avarçəkən birbaşa 1/4 finala yüksəlib.

Sonrakı yerləri tutan braziliyalı Anderson Noçetti (7:03.78), zimbabveli Ceyms Freyzer-Makkenzi (7:16.83) və kamerunlu Pol Etia Ndumbe (7:29.77) isə mübarizəni təsəlli yürüşündə davam etdirəcəklər.

Təsəlli yürüşləri iyulun 29-da, 1/4 final yürüşləri isə iyulun 30-da olacaq.

Mustafayeva da komanda yoldaşı Aleksandr kimi mərhələ adlayıb. Qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) çıxış edən 27 yaşlı idmançımız 1/4 finala yüksəlib.

2000 metr məsafəyə seçmə yürüşdə Mustafayevanın rəqibləri Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kim (Cənubi Koreya) olub. Avarçəkənimiz startdan finiş xəttinədək ikinci yerdə gedib. 500 metrlik bölümü birinci keçən avstraliyalı Kim Krounun nəticəsi 1 dəqiqə 47,56 saniyə olubsa, Mustafayeva ondan 2,93 saniyə geri qalıb. 1000 metrlik bölümdə Krou 3 dəqiqə 42,86 saniyə, Mustafayeva ondan 5,65 saniyə az, 1500 metrlik bölümdə avstraliyalı 5 dəqiqə 41,78 saniyə, həmyerlimiz ondan 6,75 saniyə az nəticə göstərib. Yekunda isə Krou 7 dəqiqə 41,18 saniyə nəticə ilə birinci, Mustafayeva 7 dəqiqə 46,01 saniyə göstərici ilə ikinci olub. Onlar “ilk 4-lük”də sonrakı pillələri tutan zimbabveli Mayçin Tornikroft (7:47.10) və kubalı Yariulvis Kobasla (7:48.58) birgə 1/4 finala yüksəliblər. Salvadorlu Kamila Varqas Palomo (8:01.60) və avstraliyalı Kim Krou (8:04.68) isə mübarizəni təsəlli yürüşündə davam etdirəcəklər.

Qeyd edək ki, bu növdə təsəlli yürüşləri iyulun 29-da, 1/4 final yürüşləri isə iyulun 31-də olacaq.