Bayramovdan erkən vida, Həsənov 8-ci oldu - YENİLƏNİB
31.07.2012 - 23:53
Bayramovdan erkən vida, Həsənov 8-ci oldu  - YENİLƏNİB
London Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma növündə bu gün keçirilən yarışın iştirakçıları 2 qrupda güclərini yoxlayıblar. Apasport.az saytının məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizəyə qoşulan 24 atletdən 10-u B, 14-ü A qrupunda yer alıb.

Bu çəkidə möhtəşəm oyunlara qatılan Azərbaycan təmsilçiləri bir-birindən ayrı qruplarda qüvvələrini sınayıblar. Əfqan Bayramov əsas favoritlərlə birlikdə A, Sərdar Həsənov B qrupunda özünü yoxlayıb.

Öncə 10 nəfərin yer aldığı “zəiflər” podiuma çıxıblar. Birdən qaldırmada 138 kq çəkinin öhdəsindən asanlıqla gələn Sərdar ardınca 145 kq-nı başı üzərinə qaldırıb. 3-cü cəhddəki 150 kq isə onun üçün əlçatmaz olub. Burada həmyerlimiz liderdən 3 kq geri qalaraq, 2-ci yerə şərik olub.

Təkanla qaldırmada isə 167 və 176 kq-nın öhdəsindən gələn Həsənov 181 kq çəkidə “ilişib”. Bu növdə 3-cü olan Həsənov 2 hərəkətin cəmində də 3-cü olub. O, 321 kq ilə liderdən 8, 2-ci yerdən 7 kq geri qalıb.

Lakin turnirin daha iddialılarının yer aldığı A qrupundakı 14 atlet mübarizəyə qoşulduqdan sonra Həsənov mövqeyini itirib və yekun nəticədə 8-ci yeri tutub.

Təəssüf ki, güclülərin yarışında körpücük üzərinə çıxan Bayramov heç komanda yoldaşının bacardığını da təkrarlamayıb. Birdən qaldırma hərəkətində ilk cəhdində 142 kq çəkini sifariş edən həmyerlimiz 3 yanaşmasının heç birində müvəffəqiyyət qazana bilməyib və Olimpiada ilə erkən vidalaşıb.

Bu çəkinin qalibi Qinqfenq Lin olub. Cinli atlet 2 hərəkətin cəmində 339 kq (157 kq + 182 kq) çəkinin öhdəsindən gəlib.

Qeyd edək ki, Olimpiadaya 5 kişi və 1 qadın atletlə yollanan millimizin bu günə kimi 2 idmançısı çıxışını başa vurmuşdu. Onlardan Valentin Xristov (56 kq) 3-cü, Boyanka Kostova (58 kq) 5-ci yeri tutmuşdu.