London-2012: Ağırlıqqaldıranlarımız ən güclülər arasında
03.08.2012 - 11:39
London-2012: Ağırlıqqaldıranlarımız ən güclülər arasında
London Olimpiadasında mübarizəyə qoşulacaq 2 azərbaycanlı ağırlıqqaldıranın yer alacağı qruplar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilk 6 gündə 4 idmançıya 1 bürünc medal qazanan yığmamızın növbəti üzvü İntiqam Zairov (94 kq) körpücük üzərinə sabah çıxacaq.

Həmyerlimiz isə güclülərlə birgə A qrupunda yer alacaq. Belə ki, 94 kq çəki dərəcəsində 22 idmançı qüvvəsini yoxlayacaq ki, onlar da hərəsində 11 nəfər olmaqla, 2 yerə bölünüblər. 27 yaşlı Zairov podiuma Bakı vaxtı ilə saat 23:00-da çıxacaq. B qrupunun yarışları 19:30-da başlayacaq.

Millimizin ağırlıqqaldırma turnirində son idmançısı Veliçko Çolakov (+105) isə gücünü avqustun 7-də göstərəcək. Bölgüyə əsasən milliləşdirilmiş legionerimiz də A qrupunda yer alıb. O da çıxışına İntiqam kimi saat 23:00-da start verəcək.

Bu çəkidə isə ümumilikdə 21 atlet nəyə qadir olduğunu nümayiş etdirəcək. Onlardan 10-u B, 11-i A qrupundadır.

Qeyd edək ki, London Olimpiadasında yeganə bürünc medalımız Valentin Xristovun (56 kq) aktivindədir.