Pekində 9-cu, Londonda 6-cı - YENİLƏNİB
04.08.2012 - 23:37
Pekində 9-cu, Londonda 6-cı - YENİLƏNİB
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi 3 günlük fasilədən sonra London Olimpiadasında növbəti cəhdini edib. Apasport.az saytının məlumatına görə, yığmamızın heyətində bu dəfə körpücük üzərinə İntiqam Zairov çıxıb.

94 kq çəki dərəcəsində yarışan həmyerlimiz güclülərin yer aldığı A qrupunda qüvvəsini sınayıb. Böyük ümidlər bəslənilən 27 yaşlı İntiqam potensialını göstərə bilməyib və yarışı 6-cı yerdə baş vurub.

Belə ki, 22 idmançının mübarizə apardığı çəkidə Pekin Olimpiadasının 9-su birdən qaldırmada ilk cəhdində 175 kq sifariş edib. O, bu çəkini baş üzərinə qaldırsa da, hakimlər Zairovun hərəkəti düzgün yerinə yetirmədiyini bildiriblər. Bundan sonra ruhdan düşməyən atletimiz ikinci cəhdində həmin çəkini, ardınca isə 182 kq-ı ram edib.

Təəssüf ki, Zairovun təkanla qaldırmada çıxışı yaxşı alınmayıb. O, ilk cəhdində 215 kq sifariş edib, onu başı üzərinə qaldırsa da, ikinci və üçüncü yanaşmasını boşa verib. İntiqam öncə 223, ardınca 225 kq çəkinin öhdəsindən gələ bilməyib.

Bu çəkinin qalibi adını qazaxıstanlı İlya İlyin qazanıb. O, 418 kq qaldırmaqla (185 kq + 233 kq) yeni dünya və Olimpiya rekordu müəyyənləşdirib. İkinci yer Aleksandr İvanova (Rusiya, 185 kq + 224 kq), üçüncü yer isə Anatoli Cirikuya (Moldova, 181 kq + 226 kq) qismət olub.

Qeyd edək ki, Azərbaycan yığması hələlik Olimpiadada 1 bürünc medal qazanıb və bu uğur ağırlıqqaldıranımız Valentin Xristovun (56 kq) aktivindədir. Londona 6 atletlə yollanan baş məşqçi Nizami Paşayevin yetirmələrindən isə Zairovdan öncə 4-ü çıxışını bitirmişdi.