Kanoeçilərimiz finala qalib kimi çıxdılar - YENİLƏNİB
07.08.2012 - 13:00
Kanoeçilərimiz finala qalib kimi çıxdılar - YENİLƏNİB
Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy – Maksim Prokopenko dueti bu gün London Olimpiadasında ilk sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, böyük ümidlər bəslənilən idmançılarımız 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Olimpiya Oyunlarına medal üçün getdiklərini sübut ediblər.

Onların çıxış edəcəkləri məsafədə 12 duet 2 qrupa bölünüb. İkinci “altılıq”da yer alan kanoeçilərimizin rəqibləri - Nelson Henrikes – Fortunato Pakavira (Anqola), Sergey Torres – Xose Karlos Bulnes (Kuba), Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Erlon Silva – Ronilson Oliveyranı (Braziliya) qoyaraq, finiş xəttinə birinci çatıblar.

Məsafəni 3:38.042-yə qət edən kanoeçilərimiz birbaşa finala vəsiqəni böyük üstünlüklə əldə edib. Onlar ən yaxın izləyicisi olan braziliyalıları təxminən 3 saniyə qabaqlayıb. Bu 2 cütlüklə yanaşı birinci qrupda ilk 2 yeri tutanlar da avqustun 9-da keçiriləcək həlledici mərhələdə yerini təmin edib. Həmin 2 yerə Peter Kreçmer – Kurt Kuçela (Almaniya) və Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya) duetləri layiq görülüblər. I qrupda cütlüklərin göstərdikləri nəticə həmyerlilərimizdən daha yaxşı olub: müvafiq olaraq, 3:34.435 və 3:37.568.

Finala çıx bilməyən 10 cütlük yenidən 2 qrupa bölünəcək və saat 15:09-da startı veriləcək yarımfinal yürüşlərinə qatılacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar.

Qeyd edək ki, Bezuqlıy – Prokopenko dueti Londonda start xəttinə çıxmaqla Azərbaycanın Olimpiada tarixində ilkə imza atıb. Çünki onlara qədər ölkəmiz bu növdə Olimpiya Oyunlarına qatılmaşdı. Kanoeçi duetimizin ilk cəhddən finala yüksəlməsi də böyük uğur kimi qiymətləndirilməlidir.