Mariya Stadnik qızılı əldən verdi - YENİLƏNİB
08.08.2012 - 22:15
Mariya Stadnik qızılı əldən verdi  - YENİLƏNİB
London Yay Olimpiya Oyunlarının XII günü Azərbaycan növbəti medalına sahib olub. Apasport.az saytının məlumatına görə, bundan öncə 1 gümüş və 2 bürünc medala sahib olan yığmamıza daha bir uğuru ən titullu idmançılarımızdan olan güləşçimiz Mariya Stadnik (48 kq) qazandırıb.

4 il öncə Pekində 3-cü yeri tutan 25 yaşlı təmsilçimiz bu dəfə daha inamla çıxış edərək, Olimpiadanın gümüş mükafatına sahib olub. Bu, həm də möhtəşəm oyunlar tarixində qadın güləşçilərimizin ilk finalı kimi tarixə düşüb.

Güləşçimiz ilk mərhələdən azad idi. O, 1/8 finalda Şaşa Jaonu (Çin) məğlub edən Lonq Çunla (ABŞ) qarşılaşıb.

İdmançımız hər hissədə rəqibindən daha üstün olub. Belə ki, Mariya ilk hissədə 2:0, ardınca 3:0 hesabı qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.

Güləşçimiz yarımfinala gedən yolda polşalı İvona Matkovska ilə qarşılaşıb. Görüşün ilk saniyələrindən təşəbbüsə yiyələnən dünya və Avropa çempionumuz ilk 2 dəqiqədə rəqibindən 2 xal alıb. Gözəl fiziki formada olan Stadnik ikinci hissəni də əla keçirib və 4:1 hesabi ilə qələbə qazanaraq, 1/2 finala çıxıb.

Stadnik bu dəfə Pekin Olimpiadasının bürünc mükafatçısı, ukraynalı İrina Merleni ilə üz-üzə gəlib. Güləşçimiz rəqibinə heç bir şans verməyib. İlk saniyələr kəşfiyyat xarakteri daşısa da, Mariya Merlininin zəif nöqtələrini tez tapıb.

Birinci hissədə 1:0 hesabı ilə qələbə qazanan idmançımız növbəti hissədə 3 xala sevinib və finala yüksəlib. Bu isə o deməkdir ki, Azərbaycan növbəti medalına yiyələnib. Ən azından gümüş medalı özünə təmin edən Stadnikin finaldakı rəqibi yaponiyalı Hitomi Obara olub.

Asiyalı 2 qat dünya çempionu ilə görüş təmsilçimiz üçün uğurlu başlayıb. Mariyanın birinci hissədə burunu qanasa belə, Obaranı 4:0 hesabı ilə məğlub edib. Lakin bundan sonra rəqib təşəbbüsü ələ alıb. Yaponiyalı ikinci hissədə 1:0, ardınca 2:0 hesabı ilə qalib gələrək, görüşü xeyrinə başa vurub. Stadnik isə gümüş medalla kifayətlənib. Buna baxmayaraq, o, Pekində qazandığı bürünc medalı bu dəfə gümüşə çevirməyə müvəffəq olub.

Qeyd edək ki, millimiz qadın güləşi üzrə yarışda 2 idmançı ilə təmsil olunur. Sabah isə Yuliya Ratkeviç (55 kq) gücünü yoxlayacaq.