Olimpiadanın finalı Azərbaycana gələn hakimə tapşırıldı
09.08.2012 - 16:21
Olimpiadanın finalı Azərbaycana gələn hakimə tapşırıldı
London Olimpiadasında futbol turnirində final oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Braziliya və Meksika yığmaları arasında avqustun 11-də keçiriləcək matç ingiltərəli Mark Klattenburqa tapşırılıb. Ona həmyerliləri Stiven Çayldla Saymon Bek yardımçı olacaq.

Klattenburq üçün bu oyun karyerasında ən nüfuzlu matç olacaq. 2006-cı ildən FİFA hakimi olan 37 yaşlı ədalət təmsilçisi İngiltərə Premyer Liqası ilə yanaşı, Çempionlar Liqasının, 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin oyunlarını, 2 il öncə İngiltərə kubokunun final matçını idarə edib.

Mark 2 dəfə ölkəmizə gəldiyindən, Tofiq Bəhramov adına Respublika stadionuna çıxdığından, bizlər üçün də tanış hakimdir. Belə ki, o, 2008-ci ilin iyulunda “Neftçi”nin İntertoto kubokunda Belçikanın “Jerminal” klubuna 1:0 hesabı ilə qalib gəldiyini cavab oyununu idarə edib. İngiltərəli 2010-cu ilin oktyabrında millimizin Rusiya yığması ilə 1:1 hesablı bərabərliyə qaldığı rəsmi oyunda həmyerlisi Hovard Uebbin başçılıq etdiyi hakimlər briqadasında yer alıb.