Əşrəf Əliyev rusiyalı güləşçi ilə bacarmadı - YENİLƏNİB
10.08.2012 - 18:40
Əşrəf Əliyev rusiyalı güləşçi  ilə bacarmadı - YENİLƏNİB
Bu gün London Olimpiadasında sərbəst güləş üzrə yarışlar başlayıb. Apasport.az saytının məlumatına görə, 7 çəki üzrə keçiriləcək görüşlərdə Azərbaycan 6 idmançı ilə təmsil olunur.

Yarışın ilk günündə həmyerlilərimizdən Əşrəf Əliyev xalçaya çıxıb və Londonu medalsız tərk etmək məcburiyyətində qalıb. Belə ki, 74 kq çəki dərəcəsində qüvvəsini sınayan güləşçimizin ilk görüşü 1/16 finalda yaponiyalı Soşuke Takataniyə qarşı olub. Çətin keçən qarşılaşmadan Əliyev qalib ayrılıb. O, hər 2 hissədə 1:0 hesabı ilə qələbə qazanaraq, asiyalıya evinə dönməyi məsləhət görüb.

Güləşçimiz 1/8 finalda Denis Tsarquşla (Rusiya) gücünü yoxlayıb. İdmançımız görüşə yaxşı başlayıb. O, hətta I hissəni də aktivinə yazıb (1:0). Lakin növbəti hissələrdə rəqibin təcrübəsi öz sözünü deyib. 2 qat dünya çempionu olan Tsarquş hər 2 dəqiqədə Əşrəfdən 1 xal alıb və mərhələ adlayıb.

Bundan sonra Əliyev bürünc medal qazanmaq şansını saxlasa da, rusiyalı idmançının yarımfinalda uduzması onu təsəlliverici görüşlərdən mərhum edib.

Qeyd edək ki, sahah daha 3 güləşçimiz qüvvəsini sınayacaq.