“Yetirmələrim 2 ən güclü azərbaycanlı boksçu ilə düşüb”
10.08.2012 - 14:36
“Yetirmələrim 2 ən güclü azərbaycanlı boksçu ilə düşüb”
Boks üzrə İtaliya milli komandasının baş məşqçisi Françesko Damiani yetirmələrinin London Olimpiadasında yarımfinal şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Damiani ən azından Olimpiya bürüncünü təmin edən 3 boksçunun qarşıdakı döyüşləri barədə ayrı-ayrılıqda şərh verib.

54 yaşlı çalışdırıcı finalın bir addımlığında Azərbaycan təmsilçiləri ilə görüşəcək Klemente Russo (91 kq) və Roberto Kammarelle (+91 kq) müvafiq olaraq, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovla döyüşlərinə də toxunub. O, 91 kq çəki dərəcəsində mübarizə aparacaq dünya çempionatının gümüş mükafatçısı olan həmyerlimizlə döyüşəcək yetirməsinin işin çətin olacağını düşünür: “Russo 2 ildir WSB liqasında daim qələbə qazanır. Lakin burada mübarizə tam fərqlidir. Klemente çox-çox sürətli olmalıdır. Kubalı ilə döyüşdə yetirməm bunu yaxşı bacardı. Yarımfinalda qalib gəlmək üçün isə Russo şedevr yaratmalıdır. Necə ki, 4 il öncə Pekində amerikalı ilə mübarizədə bunu etmişdi. O, buna yenə hazırdır. Yetirmələrimin hər ikisi 2 ən güclü azərbaycanlı boksçu ilə düşüb. Teymur Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısıdır. Bu gənc Klemente üçün həddən artıq texnikalıdır. Üstəlik, belə cəld rəqibə dəqiq zərbə endirmək asan deyil. Lakin ümid edirəm ki, Russo finala çıxa biləcək”.

Məmmədovu çox texnikalı sayan Damiani Məcidovun başqa keyfiyyətlərini bəyənir. O, 4 il əvvəl Pekində qızıl, Afina Olimpiadasında bürünc medal qazanan 2007 və 2009-cu illərin dünya çempionu olan Kammarelle döyüşə proqnoz verməyə risk etməyib: “İtaliyalılar arasında ən çətin rəqib onun bəxtinə düşüb. Azərbaycanlı boksçu texniki cəhətdən o qədər güclü olmasa da, fiziki cəhətdən çox güclüdür. Üstəlik, Robertonun belindəki problemlər bizi məyus edir. Mayın 20-də 2 dəfə əməliyyat keçirib. Onun hətta Olimpiadaya gəlməsi də sual altında idi. Yarışa cəmi 60 faiz hazır olan yetirməmin əvvəlki sürəti çatmır. Lakin bu boksdur, 4 il öncə Pekində Roberto yarışlara çox zəif başlamışdı, çətinliklə yarımfinala çıxdıqdan sonra həmin mərhələdə və finalda yüksək sürət nümayiş etdirdi. Bəlkə yenə elə oldu. Mənim üçün böyük bir şərəf idi ki, 10 il belə bir idmançı ilə çalışdırmışam”.

Qeyd edək ki, Məmmədov döyüşünə bu gün saat 19:45-də, Məcidov isə 02:30-da çıxacaq.