Aliyə Qarayevanın medal qazanmasına 0,125 xalı çatmadı - YENİLƏNİB
11.08.2012 - 19:06
Aliyə Qarayevanın medal qazanmasına 0,125 xalı çatmadı - YENİLƏNİB
Bu gün XXX London Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışın mükafatçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çoxnövçülük üzrə keçirilən turnirinin təsnifatında 3-cü yeri tutan Azərbaycan idmançısı Aliyə Qarayeva həlledici mərhələdə də ən azından eyni uğuru təkrarlamağa çalışıb. Lakin idmançımız Olimpiadanın bürünc medal qazanması üçün 0,125 xalı çatmayıb. Nəticədə 4 il öncə Pekində 6-cı olan Qarayeva bu dəfə 4-cü yeri tutub.

Belə ki, Bakı vaxtı ilə saat 17:30 başlayan final mərhələsində gimnastımız öncə həlqə ilə bacarığını göstərib. Bu hərəkəti icra etmək üçün xalçaya 8-ci çıxan Aliyə yenə hərəkətini səhvsiz və dəqiq yerinə yetirib. Hakimlər onun həlqə ilə hərəkətini 27,925 xalla qiymətləndirib.

O, ardınca topla 6 nömrə kimi kompozisiyasını təqdim edib. Bu dəfə təmsilçimiz 27,825 xala layiq görülüb. Aliyə gürzlərlə hərəkətlərdə özünü yaxşı tərəfdən göstərib. İnamlı təsir bağışlayan idmançımızın üçüncü hərəkəti 27,525 xalla qiymətləndirilib.

24 yaşlı Avropa çempionumuz lentlə final mərhələsindəki çıxışını başa vurub. O, burada xalçaya 2-ci çıxıb və 28,250 xala sahib olub. Bununla da təmsilçimiz 4 hərəkətin cəmində 111,575 xal toplayıb. Bu isə onun 4-cü yeri tutması ilə nəticələnib.

İlk “3-lüyü” rusiyalılar - Yevgeniya Kanayeva (116,900), Dariya Dmitriyeva (114,500) və belaruslu Lyubov Çarkaşina (111,700) tutublar.

Qeyd edək ki, Qarayeva təsnifat mərhələsində 4 hərəkətin yekununda 111,850 xal toplamışdı. Finalda isə 10 idmançı mükafatlar uğrunda mübarizə aparıb.