Toğrul Əsgərovla Şərif Şərifov olimpiya qızılı qazandılar
11.08.2012 - 22:46
Toğrul Əsgərovla Şərif Şərifov olimpiya qızılı qazandılar
Bu gün London Olimpiadasında Azərbaycan güləşçiləri yeni tarix yazıblar. Apasport.az saytının məlumatına görə, 60 kq və 84 kq çəki dərəcəsində sərbəst güləşçilərin yarışında mübarizə aparan yığmamızın pəhləvanları bütün rəqiblərini məğlub edərək, Olimpiya çempionu adına sahib olub.

Sevindiricidir ki, bu günə kimi aktivində qızıl medalı olmayan Azərbaycan üçün 2 çempionluq birdən yaşanıb. Toğrul Əsgərov və Şərif Şərifov fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla Londonda himnimizi səsləndirib, üçrəngli bayrağımızı göylərə qaldırıblar. Bununla da ölkəmizin Olimpiadada qazandığı medalların sayı 9-a çatıb. Onlardan 2-si qızıl, 2-si gümüş və 5-i bürüncdür.

60 kq
Bu çəki dərəcəsində xalçaya çıxan Toğrul Əsgərov ilk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb.

Görüş həmyerlimiz üçün yaxşı başlayıb. O, birinci hissədə 2:0 hesabı ilə qalib gəlib. Növbəti 2 dəqiqə də pəhləvanımız üçün uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib.

Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Hər 2 hissədə rəqibindən üstün olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb.

Finala gedən yolda həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə gəlib. Toğrul yenə də rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 1:0, ardınca 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz finala yüksəlib.

19 yaşlı Avropa çempionumuzun həlledici görüşdə rəqibi daha təcrübəli rusiyalı Besik Kuduxov olub. Final qarşılaşması isə həmyerlimiz üçün daha asan olub.

O, Pekin-2008-in bürünc mükafatçısı, 4 qat dünya çempionunun ilk hissədə 1:0 edib. Ardınca rusiyalı idmançı bunun revanşını almaq istəsədə Əsgərov onu peşman edib. Bu dəfə 5:0 hesabı ilə Kuduxova qalib gəlib. Bununla da o Olimpiya çempionu olub və Azərbaycan London Olimpiadasında ilk qızıl medalı qazandırıb.


84 kq
Şərif Şərifov da yarışa 1/8 finaldan qatılıb. O, ilk qarşılaşmasında türkiyəli İbrahim Bölükbaşını xalçaya dəvət edib.

Qarşılaşmanın birinci hissəsi təmsilçimizin xeyrinə başa çatıb – 3:1. Ardınca rəqib görüşdə tarazlıq yaratmaq istəsə də, Şərifov buna imkan verməyib. Bu dəfə də 5:3 hesabı ilə qələbə qazanan idmançımız növbəti mərhələyə yüksəlib.

1/4 finalda Şərif amerikalı Ceyk Herberti sınağa çəkib. O, ilk 2 döyüşündən fərqli, bu dəfə daha əla döyüş nümayiş etdirib. Birinci hissədə 4:1 hesablı qələbəyə sevinən təmsilçimiz ikinci hissədə 6 xal öndə olduğu üçün vaxtından əvvəl qalib olunub.

İdmançımızın yarımfinalda rəqibi iranlı Naser Laşqari olub. Görüş kifayət qədər çətin keçib. Birinci hissəni Şərif 1:0 hesabı ilə xeyrinə bitirsə də, növbəti 2 dəqiqədə rəqib 2:0 hesabı ilə qalib gəlib və qarşılaşmada bərabərliyi bərpa edib. Sonuncu hissədə isə Şərifov layiq olduğu qələbəni qazanıb (2:1). Nəticədə o, Toğruldan sonra finala yüksəlib.

Həlledici görüşdə Şərifovun rəqibi puerto-rikalı Yusept Espinal olub. Bu mərhələyədək heç bir rəqibinə şans verməyən 23 yaşlı pəhləvanızımız bu uğurunu finalda da davam etdirib.

Bu mərhələyə yüksəlməklə sensasiyaya imza atan Espinal üçün isə Şərifov keçilməz olub. İlk hissədə 1:6 hesabı ilə uduzun puerto-rikalı növbəti 2 dəqiqədə də həmyerlimiz qarşısında aciz qalıb. Şərif bu dəfə rəqibindən daha 2 xal alaraq, adını Olimpiya tariximizə yazdırıb. O, Toğrulun ardınca möhtəşəm yarışda Azərbaycana ikinci qızılı, ümumilikdə 9-cu medalı qazandırıb.

120 kq
Şərifovla Əsgərovdan fərqli, ən ağır çəkili pəhləvanımız Camaləddin Məhəmmədov (120 kq) 1/16 finalda qüvvəsini sınayıb. İdmançımız rusiyalı Bilal Maxovla güləşib. Təəssüf ki, təmsilçimiz ilk görüşündəcə uduzub.

Birinci hissədə rəqibinə 0:1 hesabı ilə məğlub olan Məhəmmədov növbəti 2 dəqiqədə də dönüş yarada bilməyib və rusiyalı dünya çempionu bu dəfə 4:0 hesabı ilə qalib gəlib. Bununla da güləşçimiz çempion olmaq şansını itirib.

Buna baxmayaraq, Camələddinin bürünc medal uğrunda təsəlliverici mərhələyə qatılmaq şansı olsa da, bu Maxovun yarımfinalda uduzması səbəbindən reallaşmayıb. Bu səbəbdən də Məhəmmədov yarışı vaxtından əvvəl dayandırıb.

Qeyd edək ki, Londona 6 idmançı ilə yollanan sərbəst güləş üzrə millimizin heyətində artıq Əşrəf Əliyev (74 kq) mübarizəni dayandırıb.