“Əsas rəqibim öz tənbəlliyim idi”
13.08.2012 - 15:15
“Əsas rəqibim öz tənbəlliyim idi”
“Azərbaycanı təmsil edən həmyerlim Valentin Demyanenkonun təsnifat mərhələsində mübarizəni dayandırması məni təəccübləndir. O, medallara real iddiaçı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna kanoeçisi Yuri Çeban deyib.

200 metr məsafəyə birnəfərlik kanoedə mübarizədə London Yay Olimpiya Oyunlarının çempionu olan ukraynalı vətənində müsahibə verib. Çempion qələbəyə əsas rəqiblərindən olan Azərbaycan təmsilçisi Valentin Demyanenkonun təsnifat mərhələsində sonuncu olaraq mübarizəni dayandırmasına da münasibət bildirib: “Bildiyim qədər onun zədəsi var imiş. Ona görə çox üzüldüyümü deyə bilmərəm. Bu idmandır. Vaxtilə biz onunla Ukrayna yığmasına düşmək uğrunda rəqabət aparırdıq. O da qalib gəlmişdi. Lakin Valentin Azərbaycana getdi. Orada onun hazırlaşması üçün yaxşı şərait yaradıblar. Demyanenko da dünya çempionu oldu. Olimpiadada isə onsuz da çətin idi. Burada zəiflər olmur. Ən çox isə rusiyalı, litvalı və ispan rəqibimdən ehtiyatlanırdım. Lakin ən əsas rəqibim özüm, öz tənbəlliyim idi. Əgər özünə qalib gəlməyi öyrənməsən idmanda sənin yerin yoxdur”.