İlham Əliyev FİDE prezidentini qəbul edib
15.08.2012 - 15:28
İlham Əliyev FİDE prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev avqustun 15-də Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinovu qəbul edib. APA-nın məlumatına görə, Beynəlxalq Şahmat Federasiyası ilə Azərbaycanın müvafiq qurumları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan K. İlyumjinov rəhbərlik etdiyi təşkilata daxil olan 177 ölkədən ilk dəfə olaraq Azərbaycanda şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı xüsusi Dövlət Proqramının qəbul olunmasının və bu proqramın uğurla həyata keçirilməsinin önəmini qeyd edib.

O, Dünya Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi ilə bağlı Beynəlxalq Şahmat Federasiyasının təkliflərini diqqətə çatdırıb.

Öz növbəsində, azərbaycanlı şahmatçıların müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri nəticələrin razılıq doğurduğunu vurğulayan prezident İ. Əliyev ölkədə idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin ardıcıl olaraq həyata keçirildiyini qeyd edib. Dövlət başçısı Dünya Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi ilə bağlı təklifləri yüksək qiymətləndirib.

Prezident Beynəlxalq Şahmat Federasiyası ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.