Şərif Şərifov: Çempionluğa heç şübhəm yox idi - MÜSAHİBƏ
15.08.2012 - 23:02
Şərif Şərifov: Çempionluğa heç şübhəm yox idi - MÜSAHİBƏ
Azərbaycan güləşçisi, XXX London Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Şərif Şərifovun apasport.az saytına müsahibəsi

- Olimpiya qızılına ümid edirdiniz?
- Qələbəmə şübhəm yox idi. Olimpiya Oyunlarında çempion olmaq üçün böyük hisslərim vardı. Məğlubiyyət və başqa şeylər haqda düşünmürdüm. Yalnız birinci yer uğrunda fikirləşirdim. Çox şadam ki, Olimpiya qızılını qazandım. Xəyallarım gerçəkləşdi. Çempionluğa heç şübhə etməmişəm, bu, mənim ən böyük arzum olub.

- Bu uğurunuza görə özünüzü kimə borclu sayırsız?
- Yığmamıza göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə dərin minnətdarlığımı bildirirəm. Məşqçimə, baş məşqçimiz Saypulla Absaidova təşəkkür edirəm. Çalışdırıcımız öz məsləhətləri ilə bizə yaxşı hazırlaşmağa çox kömək oldu. Onun tövsiyələri öz bəhrəsini verdi. Uğuruma görə hamıya təşəkkür edirəm.

- Azarkeşləriniz də sizi Londonda tək buraxmadı...
- Mənə, yığmamızın digər üzvlərinə dəstək olduqları üçün onlara öz təşəkkürümü çatdırıram. Onlar bizə inanırdılar, bizə azarkeşlik edirdilər, hər cür ruh yüksəkliyi verirdilər.

- Ən ağır görüşünüzün yarımfinalda iranlı güləşçi ilə olmağı fikri ilə razısız?
- Bəli, iranlı ilə görüşüm ağır oldu. Düzdür, 1/8 finalda türkiyəli rəqibimlə də işim heç də asan deyildi. Həmin qarşılaşma ilk görüşüm idi və mədəmdə problemlərim vardı. Hətta ürəyim də bulanırdı. Lakin istədiyimə nail oldum. 1/4 finalda isə ABŞ təmsilçisi ilə mübarizəm elə də gərgin olmadı.

- Özünüzü nə vaxt finalda hiss etdiz?
- İranlı ilə yarımfinal görüşü zamanı yaxşı dərk edirdim ki, həlledici qarşılaşmaya çıxa bilərəm. Onu da bilirdim ki, orada məni gözləyən rəqib asiyalı ilə müqayisədə daha zəifdir.

- Bu sizin üçün gözlənilməz olmadı ki?
- Əslində, mən finalda gürcüstanlı idmançı ilə güləşəcəyimi gözləyirdim. Onun “setka”sında başqa güclü atlet olmadığından məhz onun həlledici qarşılaşmaya vəsiqə qazanacağını fikirləşirdim. Lakin tanımadığım puerto-rikalı ilə qızıl medal uğrunda mübarizə aparmalı oldum. Onun güləş üsulunu da heç bilmirdim. Mənə məsləhət gördülər ki, onunla elə öz üslubumda güləşim və mən də elə edərək, qalib gəldim.