“Onlar həmişə böhtan və iftira yazırlar”
29.08.2012 - 17:10
“Onlar həmişə böhtan və iftira yazırlar”
Bolqarıstanlı ağırlıqqaldıranlar İvan Stoitsovla (85 kq) Veliçko Çolakov (+105 kq) Azərbaycan yığmasında karyeralarını başa vura bilərlər. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, buna səbəb həmin idmançıların yenidən öz ölkələrinin milli komandalarının şərəfini qorumaq arzusuna düşmələridir.

İddiaya görə, atletlər hələ London Yay Olimpiya Oyunları başlamazdan öncə Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolevlə danışıb, geriyə qayıdışlarını müzakirə ediblər. Hətta gələn il Varnada keçiriləcək Avropa çempionatında doğma komandalarının şərəfini qorumaq üçün yığmamızda çıxışdan yayınıblar.

Belə ki, İvanla Veliçko zədə amilini bəhanə gətirərək, Londona yollanmayıblar. Çünki onlar Olimpiadada körpücük üzərinə çıxsaydılar, 3 il başqa yığmada çıxış edə bilməyəcəkdilər. Bu səbəbdən İvan London Yay Olimpiya Oyunları ərəfəsində, Veliçko isə Böyük Britaniya paytaxtında olarkən zədələndiyini iddia edərək, yarışa qatılmayıblar.

Bununla bağlı apasport.az saytına açıqlama verən Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov əcnəbi idmançıların məsələsinə belə aydınlıq gətirib: “Bu barədə nəsə demək tezdir. Əvvəla, Çolakov Londonda zədələnmişdi. Bolqarıstan mətbuatının iddiasına gəlincə, onlar həmişə böhtan və iftira yazırlar. Biz onların hər ikisini məzuniyyətə buraxmışıq və hələ yekun qərar verilməyib.

Bu məsələyə qarşıdakı günlərdə baxılacaq. Stoitsovun 27, Çolakovun 30 yaşı var və növbəti Olimpiadaya qədər daha da yaşlaşacaqlar. Azərbaycanda isə yeni gənc və perspektivli nəsil yetişir. Amma bu, o demək deyil ki, həmin atletlər Bolqarıstanın şərəfini qoruya bilərlər. Buna rəsmi icazəni biz verməliyik. Təbii ki, bu məsələ də yekun qərarımızdan asılı olacaq. Onlar Azərbaycan idmançılarıdır”.

Qeyd edək ki, hər iki atlet 2010-cu ildə milliləşdirilsə də, indiyədək Azərbaycan bayrağı altında heç bir yarışa qatılmayıblar. Buna səbəb onların dopinqdə “ilişməsi” və 4 illik cəzalarının bu il iyunda başa çatmasıdır.

Stoitsovla Çolakov yalnız Azərbaycan kubokunda podiuma çıxıblar.