Avropa çempionatında daha 1 medal qazandıq
01.09.2012 - 12:33
Avropa çempionatında daha 1 medal qazandıq
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ağırlıqqaldırma üzrə yeniyetmələr arasında X Avropa birinciliyində Azərbaycan yığması daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, Valeh Baxşəlizadənin (50 kq) çempionluğundan sonra 69 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Əluquluzadə 3-cü yeri tutub.

“Zirvə” İdman Klubunun yetirməsi olan təmsilçimiz birdən qaldırma hərəkətinə 122 kq-la başlayıb. Elxan bu çəkini yalnız ikinci yanaşmasında ram edə bilib. Daha sonra sifariş verdiyi 128 kq-ı da qaldıran Əliquluzadə bu hərəkətdə 4-cü olub.

Təkanla qaldırmaya uğurla başlayan 16 yaşlı atletimiz 160 kq-ın öhdəsindən gələ bilib. Elxan sonradan 166 kq sifariş versə də, 2 yanaşmada cəhdini boşa verib. Ancaq bu çəki onu təkanla qaldırmada 2-ci yerə çıxarıb.

Toplamda 288 kq (128 kq + 160 kq) nəticə göstərən gənc idmançı, Avropa çempionatının bürünc medalına yiyələnib.

Lakin ondan fərqli, 85 kq çəki dərəcəsindən yarışan Dadaş Dadaşbəyli ümidlər doğrultmayıb. Birdən qaldırma hərəkətində ardıcıl olaraq 115 və 122 kq-ı ram edən 15 yaşlı gənc ağırlıqqaldıranımız 125 kq-ı qaldıra bilməyib və bu hərəkətdə 9-cu olub.

Təkanla qaldırmada hər 3 yanaşmasını uğurla yerinə yetirən Dadaş, 135 kq, 142 kq və 150 kq-lıq çəkini başı üzərinə qaldırıb və bu hərəkətdə də 9-cu yeri tutub.
Toplamda 272 kq (122 kq + 150 kq) nəticə göstərən atletimiz ümumi sıralamada da 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, bu gün yarışda sonuncu idmançımız – Azər Məmmədli (94 kq) körpücük üzərinə çıxacaq.