Zəkiyev Londonda Azərbaycana daha bir medal qazandırdı
02.09.2012 - 09:27
Zəkiyev Londonda Azərbaycana daha bir medal qazandırdı
XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 3-cü medalını qazanıb. Apasport.az saytının məlumatına görə, idmançılarımızdan bu dəfə fəxri kürsüyə 2 qat paralimpiada çempionu İlham Zəkiyev yüksəlib.

+100 kq çəki dərəcəsində mübarizə aparan çüdoçumuz ilk görüşündə Heydər Heydərovla (Rusiya) qarşılaşıb və ona heç bir şans verməyib. Növbəti - 1/4 finalda Zəkiyevin rəqibi yaponiyalı Kento Masaki olub. Çətin keçən qarşılaşmadan rəqib qalib ayrılıb.

Nəticədə Zəkiyev təsəlliverici görüşlərə qatılıb və burada braziliyalı Vilians Silvaya qalib gələrək, bürünc medalla kifayətlənib.

İlhamdan öncə Londonda millimizə Ramin İbrahimov (60 kq) və Afaq Sultanova (57 kq) qızıl medal qazandırmışdılar.

Qeyd edək ki, Zəkiyev Afina və Pekin paralimpiadalarında çempion olmuşdu.