Londonda Pronina möcüzəsi
06.09.2012 - 10:03
Londonda Pronina möcüzəsi
XIV London Yay Paralimpiya Oyunlarının VII günü Azərbaycan yığması daha 2 medal qazanıb. Apasport.az saytının məlumatına görə, bu uğurlardan birinin müəllifi yenə üzgüçümüz Natali Pronina olub.

25 yaşlı idmançımız Londonda 3-cü gümüş medala yiyələnib. 100 m məsafəyə sərbəst və 200 m məsafəyə kompleks üzmədə fəxri kürsünün ikinci pilləsinə qalxan Pronina 100 m məsafəyə arxası üstə üzməkdə də finin xəttinə ikinci çatıb. Onun qızıl medal qazanmasına isə yenə rusiyalı Oksana Savçenko mane olub. Belə ki, Pronina 100 m məsafəni 1:09.46 dəqiqəyə qət etdiyi halda, çempion finişə ondan 1.47 saniyə tez çatıb və yeni dünya rekordu vurub. Üçüncü yer isə Anna Russellə (Böyük Britaniya, 1:10.15) qismət olub.

Yığmamızın digər medalının əyyarı bürüncdür. Bunu komandamıza 4X100 m məsafəyə estafet qaçışında Oleq Panyutin, Rza Osmanov, Elçin Muradov və Vladimir Zayets qazandırıb. Onlar finalda 43.92 göstərici ilə Rusiya (42.66) və Çindən (42.68) geri qalıblar.

Bununla da, Azərbaycan yığmasının Paralimpiadada qazandığı medalların sayı 8-ə çatıb. Yarışın ilk günündə cüdoçularımız Ramin İbrahimovla (60 kq) Afaq Sultanova (57 kq) qızıl, İlham Zəkiyevlə (+100 kq) atletimiz Hüseyn Həsənov bürünc medala sahib olmuşdular. Həmçinin, Pronina 2 dəfə finiş xəttinə ikinci çatmışdı.