Eli Qutman: Hansı komandaya qarşı oynadığımızı yaxşı bilirik
06.09.2012 - 18:45
Eli Qutman: Hansı komandaya qarşı oynadığımızı yaxşı bilirik
“Bakıya heç-heçə ardınca gəlməmişik. Rəqibi kifayət qədər araşdırmışıq. Hansı komandaya qarşı oynadığımızı yaxşı bilirik”. Apasport.az saytının məlumatına görə, bunu İsrail milli komandasının baş məşqçisi Eli Qutman deyib.

Təcrübəli mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək qarşılaşma haqda fikirlərini açıqlayıb. Qutman bu gün Bakıda təşkil etdiyi mətbuat konfransında bildirib ki, yetirmələri öz vəzifələrini yaxşı anlayırlar: “Azərbaycan millisi yaxşı futbolçulardan təşkil olunub. Berti Foqts kimi baş məşqçisi var. Oyun yaxınlaşdıqca həyəcan artır. Amma məni tanıyanlar yaxşı bilirlər ki, hakimin start fitindən sonra bütün bacarıqlarımı komanda üçün sərf edirəm. Oyunçularım hansı vəziyyətdə nə etməli olduqlarını yaxşı bilirlər. Buraya hazır gəlmişik. Nə istədiyimizi bilirik. Ümid edirəm ki, sabahkı oyun istədiyimiz kimi başlayıb, istədiyimiz kimi bitəcək”.

Qutman komandasının Bakıda heç bir probleminin olmadığını da deyib: “Təhlükəsizlik tədbirlərinin belə yüksək səviyyədə təşkil olunması futbolçularda gərginliyə səbəb olmayıb. Hamı öz işi ilə məşğuldur”.