Seçmə mərhələlərdə 90-cı oyun
10.09.2012 - 12:00
Seçmə mərhələlərdə 90-cı oyun
Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Portuqaliya ilə görüşü yığmamızın tarixində 189-cu qarşılaşma olacaq.

1992-ci ildən bu yana 188 oyuna çıxan komandamız 20 ildə 34 qələbə qazanıbsa, 47 heç-heçə edib və 107 dəfə meydanı məğlub tərk edib. Bu isə o deməkdir ki, yığmamız Braqadakı səfər matçında sensasiyaya imza atarsa yubiley - 35-ci qələbəsini qazana bilər.

İndiyədək 133 dəfə fərqlənən milli öz qapısında 333 qol görüb. “-200”ə bərabər olan top fərqini yığmamız öz, portuqaliyalılar isə rəqiblərimizin tərəfinə dəyişməyə çalışacaq.

Frankfurtda Andorra, Bakıda Bəhreynlə yoxlama oyunlarında, ardınca isə İsraillə DÇ-2014-ün seçmə oyununda uduzmayan millimiz 3 oyunluq məğlubiyyətsizlik seriyasını artırmaq əzmindədir. Millimi sonuncu dəfə Şizuokada Yaponiya yığmasına 0:2 hesabı ilə uduzub.

İndiyədək baş tutan qarşılaşmalardan 89-u DÇ və AÇ-lərin seçmə oyunu olub. Millimiz 90-cı belə görüşünə çıxacaq. Yubiley matçına kimi bu qarşılaşmalarda 8 qələbəsi olan futbolçularımız 14 heç-heçə edib və 67 dəfə uduzub. Komandamız vurduğu 42 qolun qarşılığında 204 dəfə topu qapısından çıxarıb.

5-ci dəfə mundialın seçmə mərhələsinə qatılan yığmamız yubiley - 40-cı oyunda 4-cü qələbə üçün çalışacaq. 3 qələbə, 8 heç-heçə və 28 məğlubiyyəti olan millimiz 13 top vurub və 75-ni buraxıb. Komandamız mundial seçmələrindəki son 3 oyununda uduzmayıb. Millimiz 2 il əvvəl Lixtenşteyni səfərdə 2:0 hesabı ilə udub və Rusiya ilə Bakıda 1:1 hesablı bərabərliyə qalıb. 3 gün əvvəl isə İsraillə Bakıdakı matç 1:1 hesabı ilə başa çatdı.