Ronaldonun qarşısına çıxacaq “11-lik”
11.09.2012 - 17:34
Ronaldonun qarşısına çıxacaq “11-lik”
DÇ-2014-ün seçmə mərhələsində Portuqaliya milli komandasının qonağı olan Azərbaycan yığmasının start heyətində dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts bu gün keçiriləcək oyun ərəfəsində ehtimal olunan ilk “11-liy”ə son anda düzəlişlər edib. Belə ki, mütəxəssis bir neçə oyunçunu heyətdən çıxarmağı zəruri sayıb. Əvəzində başqalarına Kriştianu Ronaldo və yoldaşlarına qarşı oynamaq şansı verib.

Beləliklə Bakı vaxtı ilə saat 00:15-də start götürəcək qarşılaşmaya millimiz gözləniləndən fərqli heyətlə çıxacaq. Qapıda gözlənildiyi kimi Kamran Ağayev dayanacaq. Müdafiə xətti də əvvəlcədən ehtimal olunduğu şəkildə qalır. Mərkəzdə kapitanımız Rəşad Sadıqovla Vladimir Levin mübarizə aparacaq. Sağ cinahda Elnur Allahverdiyev, solda isə Maksim Medvedev portuqaliyalı hücumçuların qarşısını kəsməyə çalışacaq.

Meydanın mərkəzində sıxlıq yaratmaq niyyətində olan Foqts 3 dayaq yarımmüdafiəçisinə güvənəcək. Burada Ruslan Abışov, Rahid Əmirquliyev və Əli Gökdəmir çıxış edəcək. Milliləşən türkiyəlinin bu dəfə heyətdə olmayacağı gözlənilsə də almaniyalı son anda Aleksandr Çertoqanova deyil, Əliyə şans verməyi məsləhət bilib.

Yarımmüdafiənin sağında vitse-kapitan Mahir Şükürov çıxış edəcək. Əks cinahda isə dəyişiklik edilib. Belə ki, burada Vaqif Cavadov deyil, Cavid Hüseynov mübarizə aparacaq. Hücumun sivri ucunda isə Cihan Özkara qərarlaşacaq.