DÇ-2014-ün talismanı müəyyənləşdi
13.09.2012 - 15:31
DÇ-2014-ün talismanı müəyyənləşdi
2014-cü ildə keçiriləcək dünya çempionatının talismanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Braziliyadakı mundialın rəmzlərindən biri armadil olacaq.

Bu zirehli heyvanın talisman olacağı rəsmən təsdiqlənməsə də, FİFA bununla bağlı sentyabrın 16-da təqdimat mərasimini keçirəcək. Lakin avropalı həmkarlarımız təqdimatdan öncə bu məlumatı əldə edə biliblər.

Sarı-mavi rəngli armadil hələlik öz adına qovuşmayıb. Bu gülümsəyən heyvanın adı internetdə sorğu ilə seçiləcək. Bunun üçün 3 variantı var: “Bossa Nova”, “Brazuka” və “Carnavalesca”.

Cənubi Amerikada yaşayan 3 zolaqlı armadillərə Braziliyada “tatu-bola” deyirlər. Nəsli kəsilməkdə olan bu heyvanın talisman olmaq təşəbbüsü də təbiəti qorunması sahəsində fəaliyyət göstərən “Caatinga Association” tərəfindən verilib.

Armadil talisman olmağa digər namizəd Saci adlı pumanı - Braziliya folklorunun təcəssümü olan personajı üstələyib.