“Neftçi”nin “Partizan”la oyunda nəticə qazanmağına təəccüblənmərəm”
20.09.2012 - 17:11
“Neftçi”nin “Partizan”la oyunda nəticə qazanmağına təəccüblənmərəm”
“Təbii ki, “Partizan” – “Neftçi” oyununu stadiondan izləyəcəyəm. Yaxşı tanıdığım bu 2 komanda arasında Avroliqanın qrup mərhələsindəki matç mənim üçün maraqlı olacaq”. Bu fikirləri apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan milli çempionatının iştirakçısı olmuş serbiyalı futbolçu Boyan İliç deyib. Ölkəmizdə çıxış etdiyi 3 ildə “Qarabağ” və “Bakı”nın şərəfini qorumuş keçmiş sol cinah oyunçusu artıq karyerasını bitirib.

Hazırda futbol agenti kimi çalışan Boyan komandamızın avrokuboklarda qrup mərhələsini düşəcəyini gözləyirmiş: “Mən Azərbaycandakı karyeramı başa vurub, vətənimə qayıdandan sonra futbolunuz haqda soruşdular. Hələ onda demişdim ki, 2-3 ildən sonra Azərbaycan komandası Avropa miqyaslı turnirin qrupuna yüz faiz düşəcək. Onda mənimlə razılaşmadılar. Söylədilər ki, Azərbaycan komandaları o səviyyədə deyillər. Dedim ki, vaxt gələr, sözlərimin həqiqət olduğunu görəcəksiniz. Elə də oldu, “Neftçi” qrupa düşdü. Özü də kimə qalib gəldi, Çempionlar Liqasında ötən mövsüm 14 finala kimi irəliləyən APOEL-ə. Əgər “Neftçi” Kiprdə 3 qol vuraraq qalib gəlibsə, artıq onun haqda ciddi düşünmək lazımdır”.

İliçdən “Partizan”ı dəyərləndirməyini istədik. Onun sözlərinə görə, “Neftçi”nin rəqibi futbolçularının fərdi oyun keyfiyyətləri baxımından yaxşı komandadır: “Ancaq kollektivləri yaxşı deyil. Bir komanda şəklində elə də güclü deyil. “Partizan” bir oyunu yaxşı oynayır, birini pis. Yəni qeyri-sabit çıxış edir ki, bu da əsas problemlərindəndir. Bu, cari mövsümdə avrokuboklarda AEL və “Tromse” ilə oyunlarda özünü göstərdi. Avrokuboklarda digər təmsilçimiz olan “Srvena Zvezda” “Partizan”dan sabit oynayır. “Bordo” ona güclə qalib gəldi. Ancaq “Partizan” futbolçularının fərdi ustalığına görə cərimə zərbəsindən, standart vəziyyətdən qol vura bilər. Bu cəhətdə Tomiç, İvanov, Markoviç fərqlənir. Ümumiyyətlə, gənc futbolçuları çox yaxşıdır. Dediyim futbolçuları artıq millimizə çağırıblar. Markoviç yığmamızın Uelsə 6:1 hesabı ilə qalib gəldiyi son oyunda iştirak edib. Deyilənə görə, “Çelsi” onu 20 milyon avroya alıb”.

Oyuna proqnoz verən 36 yaşlı serbiyalı şansları bərabər saydığını bildirib: “Neftçi”nin hazırkı gücünü nəzərə alsaq, Belqradda müsbət nəticə qazanarsa, buna təəccüblənmərəm. Mən “Neftçi”nin Kiprdə qələbəsinə yox, bundan əvvəl Çempionlar Liqasında İsrailin “Hapoel” klubuna 0:4 hesabı ilə uduzmağına təəccübləndim. Bu komandada tanıdığım macar, maltalı futbolçular var. Onların səviyyələri elə də yüksək olmadığından, böyük hesabla qalib gəlmələri mənim üçün gözlənilməz oldu. Ola bilər ki, bu, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin səhhətindəki problemə görə İsrail klubu ilə oyunda yoxluğu bağlıdır. Hər halda, onun qayıdışı Kipr klubu ilə matçda müsbət mənada özünü göstərdi”.

Qeyd edək ki, Boyanın ölkəmizdə yeganə titulu 2006-cı ildə “Qarabağ”ın heyətində qazandığı Azərbaycan kubokudur.

Mehman SÜLEYMANOV
Belqrad