“Rusiya yığmasının Azərbaycanla oyuna açıqladığı heyət güclü deyil”
02.10.2012 - 17:55
“Rusiya yığmasının Azərbaycanla oyuna açıqladığı heyət güclü deyil”
”Hesab edirəm ki, Rusiya yığmasının Portuqaliya və Azərbaycanla oyunlara açıqladığı heyət güclü deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri tanınmış rusiyalı futbol mütəxəssisi Mixail Qerşkoviç deyib. Rusiya Məşqçiləri İttifaqına rəhbərlik edən təcrübəli çalışdırıcı italiyalı həmkarı Fabio Kapellonun 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycan yığmaları ilə evdəki rəsmi oyunlara bu gün açıqladığı 24 nəfərlik son heyəti şərh edib.

Qerşkoviçin fikrincə, bir sıra gənc futbolçuların çağırılmağı məqsədəuyğun deyil. O, hücumçu Maksim Qriqoryevi hələ əsas yığmada oynamağa hazır saymır: “Fikrimcə, ona ehtiyatda oturmaqdansa, gənclər yığmasında oynamaq daha yaxşı olardı. Əminəm ki, Maksim Portuqaliya ilə matçda oynamayacaq. Dmitri Tarasov isə başqa məsələ. O, etibarlı müdafiəçidir, klubunda inamlı oynayır və milli komandaya faydalı ola bilər. Bizdə müdafiədə oyunçular adətən “kim sağlamdır, o da oynayır” prisnipisi ilə yığılıb. Yalnız Konsantin Zıryanovun yoxluğu üzücüdür. Hərçənd italiyalı mütəxəssis daha yaxşı bilər. Bu, onun qərarıdır və nəticələri matçların sonunda görəcəyik”.

Məşqçi Portuqaliya ilə oyunu millisi üçün daha vacib sayır: “Məhz bu 2 komandanın qrupda 1-2-ci yerlər uğrunda oynayacağına az adam şübhə edir. Allah eləsin ki, portuqaliyalılara evdə qalib gələk. Ancaq açığı, heyətimiz elə də güclü deyil. Hücumdan danışsaq, Qriqoryevdən başqa Kapellonun seçimi yetərincə aydındır. O, hazırda formada olan futbolçulara ümid edir. Misal üçün Artyom Dzyuba son matçı pis keçirmədi, qol vurdu. Aleksandr Kerjakov təcrübəli və sabit futbolçudur. Aleksandr Kokorinin isə hazırda yüksəlişdə olmağı şübhəsizdir”.