Vasili Berezutski: Yalnız Vaqif Cavadovu tanıyıram - MÜSAHİBƏ
15.10.2012 - 09:11
Vasili Berezutski: Yalnız Vaqif Cavadovu tanıyıram  - MÜSAHİBƏ
Rusiya millisinin futbolçusu Vasili Berezutski müsahibə verib. Apasport.az saytının məlumatına görə, müdafiəçi DÇ-2014-ün seçmə mərhələsinin sabah Azərbaycan yığması ilə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb.

- Niyə media və azarkeşlər üçün qapalı məşq etdiniz?
- Xüsusi bir şey olmadı. Adi bərpa xarakterli məşq keçdik.

- Portuqaliya ilə süni örtükdə oynadınız. İndi təbii otda məşq edirsiniz, Azərbaycanla da süni meydanda qarşılaşacaqsınız. Bütün bunlar problem deyil?
- Yox. Təcrübə göstərir ki, daim təbii örtükdə məşq keçmək yaxşıdır. Süni meydanda heç kim məşq etmir. Çünki belə hazırlıqdan sonra bərpa prosesi çətin olur.

- Qorxmursunuz ki, Portuqaliyadan sonra Azərbaycana qarşı köklənməkdə çətinlik olar?
- Belə fikirlər yoxdur. Məqsədimiz elə olduğu kimi də qalır – 2 oyuna 6 xal. Bunun üçünü qazanmışıq. Qalır Azərbaycanı məğlub etmək. Bunu etdikdən sonra 1 gün arxayınlaşmaq, sakitləşmək olar.

- 2007-ci ildə “Lujniki”də güclü İngiltərəni məğlub etdikdən sonra sensasiyalı şəkildə İsrailə uduzduq...
- Həmin vaxt İngiltərə ilə oyunumuz ağır keçmişdi. Ardınca isə İsrailə uçmuşduq. Oranın iqlimi də sadə deyil. Hətta cari seçmə mərhələdə də Moskvadan sonra İsrailə uyğunlaşmaq çətin idi. Adamın ayaqları sözünə qulaq asmırdı. Amma indi heç yerə uçmuruq ki. Hər 2 oyun evdədir, deməli, asan olacaq.

- Portuqaliya ilə qarşılaşmada çox enerji sərf etdiniz. Azərbaycanla görüşdə fiziki hazırlıqla bağlı çətinlik olmayacaq ki?
- Başqalarına görə danışa bilmərəm, amma mənim üçün belə - ardıcıl 2 matçda oynamaq asandır. Portuqaliya ilə oyun da ağır alındı. Amma Azərbaycanla görüşədək bərpa olmağı çatdırarıq. Düzdür, onlar oktyabrın 12-də oynamayıblar. Lakin bunda da qorxulu bir şey yoxdur.

- Azərbaycanlı futbolçular Rusiya yığmasından çəkinmədiklərini açıqlayıblar. Onların cavabını vermək istəmirsiz ki?
- Niyə cavab verməliyəm ki? Hər şeyi oyun göstərəcək. Azərbaycan haqda danışsaq, yalnız Vaqif Cavadovu tanıyıram. Üstəlik, onların oyunlarını hələ İsrail və Portuqaliyaya hazırlaşarkən baxmışıq. Rəqibimiz Berti Foqtsun rəhbərliyi altında inkişaf edir. Amma yenə də İsrail daha güclüdür.

- Portuqaliya ilə matç azarkeşləri həvəsləndirib. Azərbaycanla oyuna daha çox fanat gələcək...
- Mümkündür ki, yenə o qədər azarkeş olsun. Bundan başqa Azərbaycanı da burdakı diasporun üzvləri dəstəkləməyə gələcək.

Sport-Ekspress