Branimir Subaşiç: 25-30 dərəcə istidən şaxtaya gəlmişik
15.10.2012 - 10:08
Branimir Subaşiç: 25-30 dərəcə istidən şaxtaya gəlmişik
“Çempionatda az qala matçların yarısını sintetik qazonda oynayırıq”. Bunu apasport.az saytına açıqlamasında millimizin futbolçusu Branimir Subaşiç deyib.

Yığmamız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində sabah Rusiya ilə qarşılaşacaq. Komandamızın serbiyalı hücumçusu Moskvadakı matçın soyuq hava və sintetik örtüklü meydanda keçiriləcəyinə baxmayaraq, nəticə qazanmağa çalışacaqlarını bildirib: “25-30 dərəcə istidən şaxtaya gəlmişik. Ancaq nə edək, bunda səbəb, bəhanə axtarmayaq. Peşəkarıq və hər şeyə hazır olmalıyıq. Meydana çıxan 11 futbolçunun hamısı döyüşüb, yaxşı nəticə qazanmağa çalışacaq”.

Millimizin kapitanı Rəşad Sadıqovun zədə problemi var. Bu səbəbdən onun sabah meydana çıxacağı dəqiq deyil. Subaşiçin fikrincə, kapitanın heyətdə olması vacibdir: “Rəşad komanda ilə Bakıda son məşqi etdi. Zədəsi ciddi deyil. Aparıcı futbolçudur və heyətdə olmağı vacib amillərdəndir. Məncə, onun vəziyyəti normaldır və oynayacaq. Düzdür, ayağında ağrılar var, ancaq fikrimcə, oyuna hazır olacaq”.