“Azərbaycan yığması hər an partlamağa qadir bombadır” - MÜSAHİBƏ
15.10.2012 - 12:40
“Azərbaycan yığması hər an partlamağa qadir bombadır” - MÜSAHİBƏ
Ötən mövsüm “Simurq” klubunu çalışdıran Sergey Yuran Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, vaxtilə Rusiya yığmasında oynamış təcrübəli mütəxəssis sabah Azərbaycanla keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb.

- Azərbaycan yığması hansı vəziyyətdədir?
- Tipik cənub komandasıdı – temperamentli, texniki cəhətdən güclü, yaxşı sürətə malikdi. Bununla bərabər, futbolçuları kifayət qədər intizamlıdı. Məşqçilərin tapşırıqlarına riayət edirlər. Bunda ilk növbədə artıq 4 ildir ölkədə işləyən Berti Foqtsun rolu böyükdür.

- Foqtsun komandasının oyun üslubunu necə qiymətləndirirsiniz?
- Azərbaycan yığması evdə və səfərdə tamamilə fərqli iki komandadır. Öz meydanlarında onlar çox aktivdirlər, hücum futbolu oynayırlar. Əgər oyunları alınsa, çox böyük sürprizə imza ata bilərlər. Səfər qarşılamalarında isə 5-4-1 taktiki sxeminə üstünlük verirlər. Bu meydanın mərkəzində sıxlıq yaratmaq imkanı verir. İrəlidə 1 hücumçu saxlamaqla isə onlar rəqibin diqqətsizliyə yol verəcəyinə ümid edirlər.

- Azərbaycan millisi Portuqaliya ilə səfərdə məhz bu taktiki sxemlə oynadı. Mümkünsə, rəqibin hər mövqeyini ayrıca dəyərləndirərdiniz.
- Kamran Ağayev komandanın ən təcrübəli üzvüdü. Kifayət qədər stabil, yaxşı reaksiyası olan, etibarlı qapıçıdı. Sadəcə, çıxışda səhvlər edir. Cinah müdafiəçisi Maksim Medvedev sürətlidi, hücumlara qoşulmağı bacarır. Ümumiyyətlə, güclü müdafiəçidi. Müdafiənin mərkəzini adətən Rəşad Sadıqov və Vladimir Levin qoruyur. Hər ikisi güclü, hündür, başla yaxşı oynamağı bacarır. Standart vəziyyətlər zamanı tez-tez hücuma qoşulurlar. Ancaq əks-hücumlar zamanı heç də həmişə vaxtında öz mövqelərinə qayıda bilmirlər. Müdafiə xəttinə Ruslan Abışov və Əli Gökdəmir də kömək edir. Portuqaliya ilə oyunda Foqts rəqibin gücünü nəzərə alıb, hücumların qarşısını almaq üçün bu cütlüyə şans vermişdi. Ancaq oyunun sonuna yarım saatdan az qalmış Foqtsun bu taktikası effektini itirdi.

- Bəs yarımmüdafiə xətti barəsində nə deyə bilərsiniz?
- Yarımmüdafiədə adətən Sükürov, Abışov, Əmirquliyev və Hüseynov çıxış edirlər. Texnikalı, çalışqan və yaxşı ötürmə vermək bacarığına malik futbolçulardırlar. Topu itirən kimi müdafiənin köməyinə gəlirlər. Şans düşəndə uzaqdan zərbələr vururlar. Əmirquliyev adətən hücumçuların arxasında oynayır. O, rəqibin cərimə meydançasında çox təhlükəli olur, fərdi cəhətdən çox güclüdür, hücumları adətən o qurur.

- Foqts hücumda əsasən kimə üstünlük verir?
- Hücumda adətən Özkara, ya da milliləşdirilmiş Subaşiç çıxış edir. Hər ikisi, çox təhlükəlidirlər, rəqibi aldatmaq bacarıqları var, qol duyumları yaxşı səviyyədədir. Amma heç biri onlara qarşı sərt və sıx oynayanda istədiklərini göstərə bilmirlər. Onlara azadlıq versək, çox təhlükəli olarlar.

- Ümumilikdə Azərbaycan yığması barəsində nə düşünürsünüz?
- Azərbaycanla heç bir oyunu, əsas da Bakıdakı qarşılaşmanı asan gəzinti hesab etmək olmaz. Onları hər an partlamağa qadir bombadır.

Sport-Ekspress