“Cahangir Həsənzadə haqda Berti Foqtsa demək olar”
27.10.2012 - 15:51
“Cahangir Həsənzadə haqda Berti Foqtsa demək olar”
“Cahangir Həsənzadə haqda Berti Foqtsa demək olar. Ancaq əlbəttə ki, son qərar baş məşqçinindir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov deyib. Millimiz 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcəyi Şimali İrlandiya yığması ilə səfər matçı öncəsi qapıçı problemi üzləşib. Belə ki, əsas qapıçımız Kamran Ağayev cəzalı olduğundan, Belfastdakı matça çağırılmayacaq.

Millimizin almaniyalı çalışdırıcısı Berti Foqtsun sərəncamında olan digər qapıçılardan Anar Nəzirovla Səlahət Ağayevin beynəlxalq təcrübələrinin azlığı öz sözünü deyə bilər. Hər halda, Səlahət əsas yığmamızda cəmi 1 oyun keçirdiyi halda, Anar hələ ki debüt etməyib.

Təcrübəli qapıçılarımızın az olduğu vaxtda, ilk olaraq ağla gələnlərdən biri AZAL-ın üzvü Cahangir Həsənzadədir. Düzdür, uzun illər millimizin əsas qapıçısı olan Cahangir Foqtsun 4 illik dövründə heç vaxt cəlb olunmayıb. Ancaq digər tərəfdən, Süleymanov AZAL-ı baş məşqçisi olan vaxtda daim güvəndiyi Həsənzadəni yaxşı tanıyır. Bu mənada məşqçinin namizəd saydığımız 33 yaslı qapıçını tövsiyə etməklə, onun çağırılmağı perspektivi ilə bağlı fikri maraqlı idi: “Cahangir çoxdandır milli komandaya dəvət edilmir və adı siyahıda da yoxdur. Bəli, biz onunla AZAL-da birgə işləmişik. Həsənzadə təcrübəlidir, çempionatımızda ən yaxşı qapıçılardan biridir. Onun oyununa baxsaq, pis təsir də bağışlamır. Baş məşqçi bu haqda nə dərəcədə düşünəcək, qərar verəcək, bunu özü müəyyənləşdirəcək”.

Mehman SÜLEYMANOV