“Bu, hələ o demək deyil ki, qapıda Fərhad Vəliyev dayanacaq”
01.11.2012 - 10:48
“Bu, hələ o demək deyil ki, qapıda Fərhad Vəliyev dayanacaq”
“Şimali İrlandiya ilə görüşdə qapıda kimin dayanacağına baş məşqçi Berti Foqts qərar verəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin məşqçisi Nazim Süleymanov deyib.

Yığmamız noyabrın 14-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Belfastda Şimali İrlandiya ilə qarşılaşacaq ki, həmin qarşılaşmada “çərçivə”də kimin yer alacağı hələ bilinmir. Belə ki, Kamran Ağayevin Rusiya ilə oyunda cəzalı duruma düşməsi millinin məşqçilər heyətini qapıçı axtarışına çıxmağa vadar edib.

Mətbuatda “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin irlandlara qarşı oynayacağı yazılsa da, ağdamlıların “Qəbələ” ilə matçını Tofiq Bəhramov adına Respublika stadionundan izləyən Süleymanov bunu təkzib edib: “Bəzi qapıçılar var ki, onlara pasportlarını AFFA-ya təqdim etmələri deyilib. Bunların arasında uzun müddətdir çağırılmayanlar var. Həmin futbolçular Şimali İrlandiya ilə matça aparılacaqsa, onların pasportuna Böyük Britaniya vizası vurulmalıdır. Bu üzdən işimizi ehtiyatlı tutub, əvvəldən namizədlərə sənədlərini təqdim etməyi bildirmişik. Ancaq bu, hələ o demək deyil ki, Fərhad Vəliyev qapıda dayanacaq. Buna Foqts qərar verəcək”.

Məşqçi bildirib ki, almaniyalı çalışdırıcı Bakıya gəldikdən sonra köməkçilərindən yerli futbolçularla, eləcə də qapıçılarla bağlı hesabat tələb edəcək: “Gördüyünüz kimi, bu matçda qapıda Fərhad Vəliyevə yox, Anar Nəzirova şans verilib. Yəni, hər bir qapıçı seçmə oyuna hazır olmalıdır”.

Qeyd edək ki, “Qəbələ”nin qapıçısı olan Nəzirov bu il daim yığmaya çağırılsa da, hələ debüt etməyib. Vəliyev isə “Qarabağ”da əsas heyətdə yerini itirəndən sonra uzun müddətdir milliyə çağırılmır.