“Azərbaycanla qarşıdakı oyun 7 il əvvəlkindən qat-qat çətin olacaq”
03.11.2012 - 12:50
“Azərbaycanla qarşıdakı oyun 7 il əvvəlkindən qat-qat çətin olacaq”
Şimali İrlandiya mətbuatı Azərbaycan milli komandasını diqqət mərkəzində saxlayır. Apasport.az saytının məlumatına görə, bu ölkənin yığmalarının 2014-cü il dünya çempionatının seçmə mərhələsində noyabrın 14-də Belfastda görüşü maraq dairəsindədir.

İrlandlar millimizlə evdəki oyunu xatırlayıblar. Bu, 2016-cı il dünya çempionatının seçmə mərhələsində 0:2 hesabı ilə uduzduğumuz matçdır. Hərçənd bunadək braziliyalı Karlos Alberto Torresin baş məşqçisi olduğu millimiz rəqibi ilə Bakıda qolsuz bərabərliyə qalmışdı. Bundan 1 il sonra Vaqif Sadıqovun çalışdırdığı yığma səfərdə 0:2 hesabı ilə yenilmişdi. Həmin seçmə mərhələdə çox yaxşı edən Şimali İrlandiya qrupumuzda rəqib olan İngiltərə üzərində tarixi qələbə qazanmışdı. Özü də bu, millimizə qalib gəldikləri oyundan 4 gün sonra – 2005-ci ilin sentyabrın 7-də reallaşmışdı.

Ancaq britaniyalılar hesab edir ki, həmin vaxtdan artıq 7 il ötüb və millimizlə edilən dəyişiklərdən sonra onları çətin sınaq gözləyir: “2005-ci ildə Azərbaycan yığması üzərində rahat, inamlı qələbə qazandıq. Əvvəlcə Stüart Elliot topu uzaq küncə dəqiq göndərdi. Sonradan Uorren Fini cərimə zərbəsindən sonra beynəlxalq oyunda ilk qolunu vurdu. Bununla belə, Azərbaycan futbolu sonuncu dəfə üzləşdiyimiz vaxtla müqayisədə güclü dəyişib. Oyunçularımız bilməlidir ki, azərbaycanlılarla növbəti oyunda əvvəlkindən qat-qat çətin olacaq. Hərçənd yığma elə də uğur qazanmasa da, Azərbaycan Premyer Liqası əhəmiyyətli dərəcədə dəyişilib”.

Şimali İrlandiyalılar təmsilçisi “Portadaun”un 2 il öncə Avroliqada “Qarabağ” tərəfindən mübarizədən kənarlaşdırılmağını xatırladıblar: “Bu, yaxşı yadımızdadır. Həmin vaxt yüksəlişdə olan “Qarabağ” sonuncu - 4-cü təsnifat mərhələsinə kimi irəliləyərək, Dortmund “Borussiya”sı kimi güclü komandaya uduzdu. Bundan əlavə, “Neftçi” cari mövsümdə Avroliqanın qrup mərhələsinə düşərək, “Partizan”, “Rubin”, “İnter” kimi Avropanın böyük klublarına çətin anlar yaşadır. İndi Azərbaycan yığmasına Almaniya futbolunun əfsanələrindən olan Berti Foqts kimi təcrübəli mütəxəssis rəhbərlik edir. Şimali İrlandiya FİFA-nın reytinqində Azərbaycandan 7 pillə irəlidədir. Sözsüz ki, bizim üçün 7 il əvvəl ilə müqayisədə çətin sınaq olacaq”.