Branimir Subaşiç: Çoxları buna inanmır
11.11.2012 - 00:00
Branimir Subaşiç: Çoxları buna inanmır
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi

- 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcəyiniz Şimali İrlandiyaya hansı əhval-ruhiyyədə gəlmisiniz?
- Yaxşı. Onu deyə bilərəm ki, Bakıda sözün əsl mənasında yaxşı hazırlıq keçdik. Biz bura ötən oyununda Portuqaliya ilə səfərdə 1:1 hesablı heç-heçə edən komandayla oynamağa gəlmişik. Şimali İrlandiya həmin matçda hesabda 1:0 irəlidə olub. Nəticə haqda heç nə deyə bilmərəm. Mənə elə gəlir ki, bura gələn futbolçularımız rəqibə sinə gərəcəklər. Qalanı Allahın işidir.

- Britaniyalı futbolçulara onların meydanında başabaş mübarizə aparmaq çətin olacaq...
- Əlbəttə. Ancaq istənilən halda, əlimizi yana salmayıb, sona kimi mübarizə aparmalıyıq.

- Nəyə ümid edə bilərik?
- Azərbaycanın futbolçuları həmişə topla yaxşı davranıb, yaxşı ötürmə vermələri ilə seçiliblər. Qoy Şimali İrlandiyaya qarşı bunu, qısa ötürmələrlə oynamağı bacaran futbolçular oynasın. Axı Britaniya futbolu hava ötürmələri, “ikinci mərtəbədə” oyunu ilə seçilir. Belə olan halda, onlarla aşağıdan, ötürmələrlə oynamalıyıq. Bu, Şimali İrlandiya ilə oyunda bizim üstünlüyümüz olacaq. Onu edə bilsək, futbolçular bütün güclərini qoysalar, 100 yox, 150 faiz inanıram ki, nəticə qazana biləcəyik. Ola bilər ki, çoxları buna inanmır, bunu dəqiq bilmirəm. Ancaq mən inanıram. Biz nə vaxtsa səfərdə bunu reallaşdırmalıyıq.

- Siz həmişə hər oyundan qabaq nikbin olursunuz. Bu, sizdə necə alınır?
- Bəli, belə də olmalıdır. Əgər biz dərhal rəqibə arxamızı çevirəcəyiksə...Mən artıq neçə ildir Azərbaycanda oynayıram. Evdə yaxşı oynamaq olar, ancaq səfərə gedəndə, bir növ özümüzü rəqibdən çəkinən kimi aparırıq. Mən buna fikir vermişəm və niyə belə olduğu başa düşmürəm.

- Serbiyalı futbolçuların xarakterində də belə hal olur?
- Bizdə tam fərqlidir. Səfərə gedirsənsə, rəqibə sinə girməyə, layiqli oynamağa yollanırsan. Ancaq biz nədənsə səfər oyununa başqa cür yanaşırıq.

- Biz fikirləşirik ki, rəqibin futbolçuları “Mançester Yunayted”, “Mançester Siti”, “Nyukasl” kimi güclü klublarda oynadığından, onlara qarşı çox çətin olacaq...
- Onu deyirəm ki, bizim də üstünlüyümüz var. Azərbaycanlı futbolçular öz texnikalı oyunları ilə burada öz sözlərini deyə bilərlər. Ümid edirəm ki, biz bu sürprizi nə vaxtsa edəcəyik.

- Yəni rəsmi oyunda səfər qələbəsi?
- Bəli, mən buna inanıram.

- Siz azərbaycanlı futbolçularla psixoloji durumu yüksəltməklə bağlı söhbətləşirsinizmi?
- Biz futbolçularla öz aramızda bu yöndə danışırıq. Bu, insanın ürəyinin dərinliyində olur. Azərbaycan güclü futbol ölkəsi sayılmır. Harasa gedəndə, bizə futbol cəhətdən hörmət etmirlər.

- Yəni biz belə düşünənlərin yanıldığını göstərib, cavabını verməliyik. Üstəlik, ilin son oyunudur və qapını möhkəm çırpmaq vaxtıdır...
- Əlbəttə. Buna nail olsaq, əla olardı.

- Səfərdə heç-heçə də qənaətbəxş sayılacaq...
- Razıyam. Bu da bizim üçün yaxşı nəticə olardı. Baxaq görək necə olacaq.

- Ancaq onu da nəzərə alaq ki, milli komandamızın heyətində ciddi itkilər var. Bir yerdə çıxışdan yaxşı tanıdığınız Kamran Ağayev, Rəşad Sadıqov, Mahir Şükürov kimi təcrübəli futbolçular müxtəlif səbəbdən oynamayacaqlar...
- Elədir. Çox futbolçularımız heyətdən kənarda qalıb. Onlar millinin aparıcı üzvləridir. Aralarında yığmanın kapitanı Rəşad Sadıqov var. O, əməliyyat olunub. Mahir Şükürovun barmağında nəsə problem var. Kamran Ağayev elə alındı ki, cəzalı oldu. Bəli, komandamızda böyük itkilər var. Hamımız bunu bilirik ki, Kamran necə qapıçıdır. Həqiqətən ciddi itkidir. Ancaq nə edəsən? Geri çəkilməyib, irəli baxmaq lazımdır.

- Bu mənada bir hücumçu kimi sizə böyük ümidlərimiz var. Hər halda, siz əsas qol ümidlərinizdənsiniz və mərkəz hücumçusu kimi yaxşı qol duyumunuz var...
- Allah eləsin ki, mən bundan istifadə edib, komandama xeyir verim. Çox şey məndən asılı olsa da, futbol komanda idman oyunudur. Ümid edirəm ki, nəhayət, yaxşı oynayıb, nəticə qazanacağıq. Artıq bunun zamanıdır.

Mehman SÜLEYMANOV
BELFAST