“Mən də Kamran Ağayev kimi şansımdan istifadə etməyə çalışacam” - MÜSAHİBƏ
11.11.2012 - 14:20
“Mən də Kamran Ağayev kimi şansımdan istifadə etməyə çalışacam” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının qapıçısı Anar Nəzirovun apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi

- 2014-cü il dünya çempionatının seçmə mərhələsində noyabrın 14-də Şimali İrlandiya yığması ilə rəsmi oyundan nə gözləyirsiniz?
- Əhval-ruhiyyəmiz yaxşıdır. Oyuna yaxşı köklənmişik. Hamı ümid var ki, yaxşı nəticə ilə qayıdacağıq.

- Millimiz hələlik səfərdə nəticə qazana bilməyib. Bu, sizi bədbinləşdirmir?
- Düzdür, səfərdə belə nəticələrimiz var. Ancaq axır oyunlara baxsaq, Portuqaliya və Rusiya ilə matçlarda gec qol buraxdıq. Həm buna, həm də Şimali İrlandiya yığmasının onlarla eyni səviyyədə olmadığına ümid edərək, bu dəfə uğurlu nəticə qazanacağıma inanırıq.

- Ancaq eyni zamanda onu da nəzərə almalıyıq ki, Şimali İrlandiya yığması Portuqaliyadan xalla qayıdıb...
- Düzdür. 1 hücumla 1 qol oldu. Bizim də Rusiya ilə oyunda qol imkanlarımız oldu. Bu, elə ilk dəqiqələrdə yarandı. Bizdə olsaydı, bəlkə bundan da yaxşı nəticə ilə qayıda bilərdik.

- Ramiz Məmmədovun “Qəbələ”nin baş məşqçisi postuna qayıdışından sonra əsas heyətdə yer almağa başladınız. Öz hazırlıq durumunuzu necə dəyərləndirərdiniz?
- Psixoloji cəhətdən yaxşıyam. Əsas idmançı üçün budur. Məşq hər zaman olur. Əsas məsələ özünəinamdır. Şükür Allaha, son vaxtlar qapıda dururam, pis də nəticələr yoxdur. Hazırda özünəinamım yaxşıdır. Baş məşqçimiz Ramiz Məmmədov da son oyunlarda millini nəzərə alaraq, mənə əsas heyətdə yer verir.

- Bu il millimizin bütün təlim-məşq toplanışlarında iştirak etsəniz də, hələ də debüt etməmisiniz. Ancaq ilin son oyununda şansınız realdır. Əsas qapıçı Kamran Ağayev cəzalı olduğundan, heyətdə deyil...
- İnşallah, şans verilsə, canla-başla oynamağa, meydanda komanda ilə bütün gücümü qoymağa hazıram.

- Sizcə, Ağayevin yoxluğu oyuna öz təsirini göstərəcəkmi? Onu layiqli əvəzləyə biləcəksiniz?
- Buna çalışacağıq. Düzdür, itkilərimiz çoxdur, bir sıra aparıcı futbolçularımız yoxdur. Kamran neçə illərdir yığmada oynadığından, təcrübəsi böyükdür. Stabil oynayaraq, milli komandaya kömək edir. O, yığmanın liderlərindən biridir. Bunu danmaq olmaz. Kamrana şans düşdü, istifadə elədi. İnşallah, mənə də şans düşər, istifadə edərəm. Buna inamım böyükdür.

- Şimali İrlandiyaya sizinlə yanaşı, qapıçılardan Səlahət Ağayevlə Andrey Popoviç gətirilib. Sizcə, bu 3 qapıçı arasında kim əsas heyətdə yer almağa daha şanslıdır? Özünüzü daha şanslı sayırsınız?
- Bunu yığmamızın baş məşqçisi Berti Foqts bilər. Sözün açığı, kimim əsas heyətdə yer alacağı ilə bu dəqiqə həqiqətən heç bir məlumatım yoxdur. Biz 3 qapıçı oyuna hazırlaşırıq. Kimə şans verilərsə - istər mən, istərsə də Səlahətlə Popoviç olsun, faydalı olmağa çalışacağıq. Bura milli komandadır. İstənilən halda, üçümüzdən birimizə şans veriləcək. Hər birimizə uğurlar arzulayıram. Meydana çıxıb, millinin şərəfini canla-başla qoruyacağıq.

- Sizin oynadığınız “Qəbələ” həmkarlarınızın çıxış etdiyi klublarla müqayisədə üstün sayılır. Yəni son vaxtlar sizdə son vaxtlar qələbə ruhunun olmağı, psixoloji amil millidə seçimə təsir edə bilərmi?
- Çempionatımızın gedişi onu göstərir ki, komandaların çoxu eyni səviyyədədir. “Turan” gəldi bizi Qəbələdə uddu. “Sumqayıt” “Bakı”ya qalib gəldi. Yəni millidəki həmkarlarım psixoloji cəhətdən yaxşı dururlar. Onların olimpiya yığmasında oynadığı vaxtlardan da təcrübələri var.

- Ancaq sizin belə təcrübənizin olmamağı Ağayevlə Popovici daha şanslı edirmi?
- Əsas odur ki, özünəinamım var, bu cəhətdən yaxşı vəziyyətdəyəm. İnşallah, oyuna çıxanda, görərik ki, kimdir əsas heyət qapıçısı. İstəyirəm, qapıda duram, özümü doğrultmaq arzusundayam. Bu, elə bir şeydir ki, hər kəs millinin qapısını qorumaq istəyir. Eləcə də mən. Buna görə də canla-başla məşqlərdə özümü yaxşı tərəfdən göstərib, etimad qazanmağa çalışacağam. Şans verilsə, özümü doğrultmaq üçün hər şey edəcəyəm.

- Şimali İrlandiya yığması hava mübarizələrinə üstünlük verdiyindən, qapıçının çıxışda inamlı oynamağı vacibdir. Bu yöndə öz potensialını necə dəyərləndirirsiniz?
- Azərbaycan çempionatında bu yöndə elə bir güc düşmür. Oyunda 3-4 top gəlir, onları dəf edirik, bununla qurtarır. Məlumatım var ki, rəqib Britaniya futbolu oynayır. İngiltərə çempionatına baxırıq, hava mübarizələrini görərik. Qapıda dursam, hər cəhətdən yaxşı oynamağa çalışacağam.

Mehman SÜLEYMANOV
BELFAST