“Azərbaycan millisinə hədər yerə getmirəm”
12.11.2012 - 10:15
“Azərbaycan millisinə hədər yerə getmirəm”
Moldovanın “Milsami” klubunda oynayan Azərbaycan yığmasının futbolçusu Elhad Nəzirinin apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi

- Şimali İrlandiya yığması ilə rəsmi oyunda nəyə ümid edirsiniz?
- Oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Bura qələbə üçün gəlmişik. Ən azından heç-heçə etməyə çalışacağıq. Bu, futboldur. Bilirik ki, Şimali İrlandiya yığması zəif rəqib deyil. Ancaq istənilən rəqibə qarşı oynamaq olar. Ən azından hazırkı məşq prosesi belə deməyə əsas verir. Qarşıdakı oyuna daha yaxşı hazırlaşmışıq.

- Bundan öncə Rusiya yığması ilə səfərdəki rəsmi oyuna hazırlıqda da iştirak etmişdiniz. Hazırlıq prosesində əsas fərqi nədə görürsünüz?
- Rusiya yığması ilə oyun daha çətin idi. Həmin matçdakı oyunumuz daha yaxşı köklənməyimizə imkan verir. Yəqin ki, Şimali İrlandiya ilə oyuna hazırlıq prosesimizin bəhrəsini görəcəyik. Çünki çox yaxşı hazırlaşmışıq. Rəqibi təhlil etmişik və onların oyun üslubuna uyğun məşq proseslərimiz də gedir.

- Sizcə, Şimali İrlandiyaya qarşı necə oynamalıyıq ki, üstünlük qazanaq?
- Onlar Britaniya futbolu oynayır, “ikinci mərtəbə”də mübarizəyə üstünlük verir. Ən azı buna qarşı mübarizə aparmalı, yerlə oynamalıyıq. Hava toplarında uduzmamalıyıq ki, ən azı 1 xal götürək.

- Sözsüz ki, millidə debütünüzü gözləyirsiniz. Bu, Belfastdakı oyunda reallaşa bilərmi?
- Bu, baş məşqçinin fikridir və ona da hörmət etməliyik.

- Sizin oynadığınız müdafiənin mərkəzində kapitan Rəşad Sadıqov yenə olmayacaq. Ümumiyyətlə, müdafiə xəttində problemlərimiz var. Bu mənada meydana çıxmaq şansınızı necə dəyərləndirirsiniz?
- Oynamağa şansım var. Oynasam da, oynamasam da, yenə öz şansımı gözləyirəm. Baş məşqçi bilir ki, kimi nə vaxt meydana buraxmaq lazımdır. Hər an, hər dəqiqə oyuna çıxmağa hazıram.

- Siz müdafiənin hər yerində oynaya bilərsiniz, yoxsa mərkəzdə çıxış etmək sizə daha rahatdır?
- Əsas oynadığımı mövqelər müdafiənin mərkəzi ilə önü, yəni dayaq yarımmüdafiəçisidir. Ancaq mənim üçün sağda, yaxud solda oynamaq elə də çətin, problem deyil.

- Moldovada işləriniz necədir?
- Orada hər şey yaxşıdır, qaydasında gedir. Demək olar bütün matçlarda oynayıram. Yalnız 1 oyunda əvəzləndim. Onda da start heyətində meydana çıxmışdım. Sadəcə, arxa əzələmdə yüngül dartılma oldu. Həkimlər həm milliyə, həm də qarşıdakı oyuna görə meydanda olmağıma icazə vermədi. Bu matçdan savayı bütün oyunlarda 90 dəqiqə çıxış etmişəm.

- Azərbaycan yığmasına dəvət olunandan sonra Moldovada sizə münasibət necəsə dəyişib?
- Münasibət əvvəl də pis deyildi. Milliyə çağırılandan sonra özüm də hiss edirəm ki, həm ordakı jurnalistlər, həm də klub rəhbərliyi, məşqçilər tərəfindən daha yaxşı münasibət göstərilir. Əhval-ruhiyyəm də xeyli yaxşılaşıb.

- Sizi klubunuza gətirən almaniyalı baş məşqçi Rayan Sobel istefa verərək, artıq postunda deyil. Onu moldovalı Ştefan Stoyka əvəzləyib. Bu baş məşqçi dəyişikliyi “Milsami”dəki gələcək karyeranıza təsir edə bilərmi?
- Yox. Yeni baş məşqçi gələndən sonra demək olar bütün matçlarda əsas heyətdə oynamışam. Yalnız “Şerif”lə oyunda dediyim əzələ dartmasına görə məni əvəzlədi. Axırıncı oyunda 84 dəqiqə meydanda oldum. Sarı vərəqəm vardı. Baş məşqçi ikinci sarı vərəqə almamağıma görə məni dəyişdi.

- Almaniyalı çalışdırıcınızın gedişi nə ilə bağlı oldu?
- O, çox güclü mütəxəssisdir. Sobel gəldiyi ilk gündən bizə demişdi ki, hara gedirəmsə, hansı ölkə çempionatında olmuşamsa, orda nəticə vermişəm. Komanda 3 tur dalbadal məğlub oldu. Bundan sonra özü istefa verərək, getmək istədi. Yeni baş məşqçimiz gəldi, yenə hər şey qaydasındadır. İnşallah, heç olmasa ölkə kubokunu qazanmağa çalışacağıq. Bunun da öhdəsindən gələ bilərik.

- Foqts həmyerlisinin gedişi ilə bağlı sizdən bir şey soruşmadı? Sizi millimizin çalışdırıcısına Sobel tövsiyə etmişdi...
- Tövsiyə deyəndə ki, Foqts özü oyunumuza internet vasitəsi ilə baxmışdı. Məni yığmaya çağırmağı ilə bağlı klubuma məktub göndərmişdi. Sadəcə, baş məşqçimlə məsləhətləşib, bugünkü durumumun hansı vəziyyətdə olmağı ilə maraqlanmışdı. Yəqin, yaxşı vəziyyətdə idim ki, baş məşqçimiz məni məsləhət gördü. Buna görə ona çox sağ ol deyirəm.

- Sizi Moldovada hər şey qana edirmi? Yaxın vaxtda Vətənə dönmək haqda düşünmürsünüz?
- Yox. Hələ ki Moldovada qalmaq istəyirəm. Çünki oradan sonda daha iddialı çempionatlarda çıxış etmək istəyirəm.

- Sizcə, oranın çempionatı bizdən səviyyəcə üstündür?
- Ayrıseçkilik salmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, öz komandamda çox güclü peşəkarlıq var. Bildiyiniz kimi, çempionatımızda oynamış legionerlərdən bizdə çıxış edənlər var. Bunlar “Xəzər Lənkəran”dan portuqaliyalı müdafiəçi Bruno Simao ilə AZAL-dan moldovalı hücumçu Georgi Boqyudur. Komandamızda yerli futbolçu çox azdır, ən çox legionerlərdir. Buna görə əsas heyətə düşmək çox çətindir. Elə oynamalısan ki, yerini heç kimə verməməlisən. Milliyə gedib-gələndən sonra əsas heyətdə yerimi itirməmişəm. Oyuna kimi ən azı 2-3 gün vaxtımız olur. Onda məşqçilərin rəhbərliyi altında hazırlığımı edirəm, milliyə boş, hədər yerə getmirəm, klubuma hazırlıqlı qayıdıram.

- Futbolçularımız adətən Foqtsu yükləmələrindən sonra kluba qayıdan zamanı yorğun olurlar. Sizdə belə hal olur?
- Yox, hələ ki elə bir şey olmayıb. Mənim indi belə bir yaş dövrümdür ki, gün ərzində nə qədər məşq eləsəm, mənim üçün bir o qədər xeyirdir. Bu baxımdan elə bir problemim yoxdur.

- Milliyə çağırılan legionerə daha çox ümidlər bəslənilir. Ən azı ona görə ki, fərqli ölkənin çempionatında, klubunuzda daim çıxış edirsiniz. Bu mənada ehtiyatda qalmayıb, əsas heyətə düşməyə çalışmalısınız...
- Düzdür. Baş məşqçinin qərarına hörmətlə yanaşıb, vaxtımı gözləyirəm. Vaxtım çatanda, özümü həm baş məşqçiyə, həm də Azərbaycan futbolsevərlərinə maksimum dərəcədə göstərməyə, yerimi qorumağa çalışacağam.

Mehman SÜLEYMANOV
BELFAST