“Azərbaycan yığması Moskvada özünü çox yaxşı tərəfdən göstərdi”
12.11.2012 - 16:28
“Azərbaycan yığması Moskvada özünü çox yaxşı tərəfdən göstərdi”
“Meydana daha çox hücumameylli heyətlə çıxacağıq. Biz öz oyunumuzu diktə etməyə, yaratdığımız şanslardan yararlanmağa və nəhayət qələbə qazanmağa çalışacağıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nill deyib.

43 yaşlı çalışdırıcı milli komandamızı da tərifləməyi unutmayıb. “Nyukasl”ın sabiq futbolçusu olan O’Nilin sözlərinə görə, yığmamızın Rusiyaya qarşı oyunu necə təhlükəli rəqib olmasından xəbər verir: “Azərbaycan yığması Moskvada özünü çox yaxşı tərəfdən göstərdi. Ruslar bu komandadan qələbəni çox çətinliklə oğurlaya bildi. Ümumiyyətlə, Azərbaycan futbol baxımından ən sürətlə inkişaf edən ölkələrdən biridir... Onlar bu matça çox yaxşı hazırlaşıblar. Məşqlərə artıq ötən çərşənbə axşamından başlayıblar. Bu çətin oyun olsa da, biz 3 xal üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də olacaq.