Kris Brant: Azərbaycanla oyunda yaxşı oynamaq lazım deyil
13.11.2012 - 10:39
Kris Brant: Azərbaycanla oyunda yaxşı oynamaq lazım deyil
“Biz Lüksemburqla oyunda azarkeşlərimizin dəstəyini tam gücü ilə hiss etmədiyimizdən, matça yaxşı başlasaq da, bunun axırını gətirə bilmədik. Tribunalardan dəstək görsək, onda uşaqlar da daha yaxşı çıxış edər”. Apasport.az saytının xəbərinə görə, bu sözlər Şimali İrlandiya yığmasının futbolçusu Kris Branta məxsusdur.

“Vest Bromviç”in sol cinah yarımmüdafiəçisi Böyük Britaniya mətbuatına verdiyi müsahibədə evdə son 5 matçda qələbəsiz oyunlar seriyasına millimizlə oyunda son qoymaq istədiklərini açıqlayıb: “Biz o qədər də çox oyunçusu olmayan kiçik ölkəyik. Bəzi vaxtlarda bizim kimi kiçik ölkə təmsilçilərinə qarşı pis oyun nümayiş etdirmişik. Portuqaliyaya qarşı görüşdə layiqli nəticə qazandıq. Ancaq bu o demək deyil ki, Azərbaycanla matçda ilk 15 dəqiqədən sonra hesab 2:0 bizim xeyrimizə olacaq. Bizə yaxşı futbol oynamaq yox, qələbə lazımdır”.

Portuqaliya ilə görüşü zədə səbəbindən buraxan 27 yaşlı futbolçu bu dəfə meydanda olmağı çox arzulayır: “Portuqaliya ilə görüşə evdə baxdım. Həmin matçda kimisə günahlandırmaq düzgün olmazdı. Çünki uşaqlar yaxşı oynadı. Onlar həmin gün heyrətamiz idilər. Ümid edirəm ki, çərşənbə günü mən oynamaq şansı qazanacam və Şimali İrlandiyanın qələbəsinə yardımçı olacam”.