“Azərbaycan yığması haqda ətraflı məlumata sahib deyilik”
13.11.2012 - 13:18
“Azərbaycan yığması haqda ətraflı məlumata sahib deyilik”
“Biz Azərbaycan yığması haqda ətraflı məlumata sahib deyilik. Ancaq onların qrupda keçirdikləri oyunları görmüşük. Bilirik ki, onları məğlub etmək çətin olacaq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Şimali İrlandiya millisinin futbolçusu Kreyq Ketkart söyləyib.

“Blekpul”un mərkəz müdafiəçisi yığmamızın Belfasta xal götürmək üçün gəldiyini düşünür: “Onlar bura Lüksemburq kimi xal qazanmağa gələcək. Ancaq bu dəfə səhv etməyə ixtiyarımız yoxdur. Komandamız Portuqaliya ilə oyunda göstərdi ki, istəsək, yaxşı nəticələr əldə edə bilərik. Ümid edirəm ki, çərşənbə günü biz yenidən yaxşı nəticə ilə hamını sevindirəcəyik”.

23 yaşlı futbolçu millimizlə oyunda gənc futbolçuların meydana çıxmasının tərəfdarıdır. “Mançester Yunayted”in sabiq futbolçusu olan Ketkart hətta bir qədər irəli gedərək 43 yaşlı baş məşqçisinin gənclərə şans verməli və heyətdə dəyişikliklər etməli olduğunu iddia edib: “Portuqaliya ilə oyunda çoxlu gənc futbolçularımız meydanda oldu. Orda gənc komandamızın qazandığı nəticə gələcək üçün nikbinlik yaradır. Azərbaycanla oyun tamamilə fərqli olacaq. Ümidvaram ki, biz topa daha çox yiyələnəcəyik və daha çox qol şansları yaradacağıq. Maykl (baş məşqçi O’Nili nəzərdə tutur) heyətdə bəzi dəyişikliklər etməlidir və bir az da hücumameylli oynamalıyıq. Bütün bunları baş məşqçi edir. Əminəm ki, o, meydana düzgün komandanı çıxaracaq. Gənc oyunçuları meydana buraxmaq lazımdır. Onlar nə qədər təcrübəli futbolçularla bir yerdə oynayarsa, bir o qədər də çox şey öyrənərlər və yaxşı futbolçu olarlar”.