Ruslan Abışov və Rəşad Sadiqov üçün əlamətdar oyun
13.11.2012 - 15:31
Ruslan Abışov və Rəşad Sadiqov üçün əlamətdar oyun
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində sabah qarşılaşacağımız Şimali İrlandiya millimizlə azı 3 dəfə oynayan 28-ci komanda olacaq. Apasport.az saytının məlumatına görə, onlarla əvvəlki 2 matç DÇ-2006-nın seçmə mərhələsinə təsadüf edib.

Belə ki, 2004-cü il oktyabrın 9-da Bakıda qolsuz heç-heçə ilə ayrılan rəqiblər növbəti il sentyabrın 3-də adada qarşılaşıblar. Həmin oyunda ada təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Belfastdakı görüş 2 futbolçu üçün yubiley xarakteri daşıyacaq.

Belə ki, Ruslan Abışov indiyədək 29, Rəşad Sadiqov 19 oyunda millinin formasını geyib.

Onlar Şimali İrlandiya ilə oynayacağı halda, müvafiq olaraq 30 və 20-ci yubiley matçını qeyd edəcək. Abışovla Sadiqova qədər 32 futbolçu ən azı 30, 52 oyunçu isə ən azı 20 matç həddini arxada qoyub.