Rasim Ramaldanov: Harda desələr, orda da oynayaram
13.11.2012 - 18:10
Rasim Ramaldanov: Harda desələr, orda da oynayaram
“Milli komandada olduğuma görə çox sevincliyəm. Yığmanın uğuru üçün əlimdən gələni edəcəyəm”. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının debütantı Rasim Ramaldanov deyib. Topaz Premyer Liqasının liderlərindən olan “Simurq”un kapitanı ilk dəfədir millimizə çağırılır. Özü də bunun dünya çempionatının seçmə mərhələsi oyununa təsadüf etməyi diqqəti çəkən məqamdır.

Rasim Şimali İrlandiya yığması ilə səfər oyunu öncəsi məsuliyyəti yaxşı dərk edərək, etimadı doğrultmağa çalışacağını bildirib: “Millimizin düşərgəsində əhval-ruhiyyə yüksəkdir. Hazırlığımız çox yaxşı gedir. Fikrimcə, komandamız güclüdür və inşallah, bunu Şimali İrlandiya ilə oyunda göstərəcəyik”.

Ramaldanov debütant olsa da, yaxşı fiziki göstəricilərə malik olmağı hava ötürmələrinə üstünlük verən britaniyalılarda oyunda meydana çıxmaq şansını artırır. Özü də Ruslan Abışovun da qatıldığı mətbuat konfransında iştirakı elə-belə fakt deyil. Çünki millimizin baş məşqçisi Berti Foqtsun razılığı ilə futbolçunun jurnalistlər qarşı çıxmağı oyunda meydana çıxacağı deməkdir: “Əlbəttə, oynasam, buna sevinərəm. Start heyətində meydana çıxmağıma şad olardım. Ancaq heyətimiz hələ açıqlanmadığından, indi bu haqda bir şey deyə bilmərəm. Bu, baş məşqçidən asılıdır. Əgər mənə şans versə, etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Nəyim var, meydanda qoymağa hazıram, özümü göstərəcəyəm. Millidə ilk dəfə olduğuma görə psixoloji planda narahatlıq, həyəcan yoxdur. Mənim üçün müdafiənin mərkəzində oynamaq daha rahatdır. Ancaq baş məşqçi harda desə, oynayaram. Dayaq yarımmüdafiəçisi kimi oynamaqda problem görmürəm”.

Mehman SÜLEYMANOV
BELFAST